ABŞ Ukraynanı Rusiyaya güzəştə gedib – Millət vəkili

Görünən odur ki, ABŞ və Böyük Britaniya ya qorxudan, ya da nələrinsə qarşılığında, ola bilsin hər ikisinə görə Ukraynanı Rusiyaya güzəştə gediblər. Onlar Ukraynaya özünümüdafiə üçün hava hücumundan müdafiə sistemləri, müasir silahlar verməməklə ümid edirdilər ki, ruslar 2014-cü ildə olduğu kimi işi tez bitirəcək, onlar da Rusiyaya sanksiyalar tətbiq etməklə sifətlərini qismən də olsa qoruyub saxlaya biləcəklər, amma Zelenskinin və Ukrayna xalqının müqaviməti onların ümidlərini puç edib.

Bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində səsləndirib.

O deyib ki, ABŞ və Böyük Britaniyanın Zelenskiyə qaçmaq təklifləri müharibənin nəticəsinin bəlli olduğunu açıqlamaq, Ukrayna xalqında və ordusunda ruh düşkünlüyü yaratmağa hesablanıb:

“Budapeşt memorandumuna görə, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə cavabdeh olan bu ölkələr dövlət ləyaqətlərini qoruyub saxlaya bilmədi. İndi qeyri-bərabər döyüşdə Ukrayna xalqı və dövləti məhv olur. Rusiya nümayəndə heyəti isə ABŞ-a yəqin ki, növbəti addımlarını müzakirə etmək və razılaşdırmaq üçün gediblər”.