Putin müharibəni dayandıracaq? – O, sadəlövh deyil

Rusiyanın Ukraynada tam hədəfindən imtina edəcəyi və müəyyən tələblər qarşısında sülhə razılaşacağı haqda iddialar yayılmaqdadır. “Bennett planı” kimi də səsləndirilən bu iddialara görə, Ukrayna Krımın Rusiya ərazisi olduğunu, Donbasdakı iki qondarma qurumun isə “müstəqilliyini” hansısa formada tanıyır, neytral statusunu elan edir və bununla da sülhə nail olur.

Bu gün Rusiya və Ukrayna XİN rəhbərlərinin Antalyada bu istiqamətdə ciddi müzakirələr aparacağı və sülh istiqamətində dönüş yaranacağı ümidləri də yaranıb.

Putin buna razı ola bilərmi?

Zelenskinin son açıqlamaları təsdiqləyir ki, Ukrayna lideri hər hansısa formada bu planın işə düşməsinə çalışır. Ancaq Krım və Donbasdan əl çəkmək yox, onları “dondurmaqla”.

Zelenskinin açıqlamalarından çıxan nəticə budur: Kiyev NATO-dan imtina edir, onun suverenliyinə qarant ölkələr siyahısından Rusiya çıxarılır (1994-cü il Budapeşt memorandumunda Kiyevin nüvə silahından imtina etməsi müqabilində onun suverenliyinə ABŞ, Britaniya və Rusiya qarant vermişdi), əvəzinə Almaniya və Türkiyə daxil edilir, Krım və Donbas separatçıları məsələsinin həlli istiqamətində uzunmüddətli danışıqlar “serialı” başlayır.

Ukrayna lideri bununla böyük plana can atır: Kollektiv Qərb Ukrayna üçün artıq indidən “Marşall planı” düşünür və bunu ötən gün Britaniya Baş naziri Boris Conson açıq şəkildə elan etdi – ən qısa müddətdə bu ölkəni çiçəkləndirmək, AB-yə üzv etmək, iqtisadi baxımdan Avropanın ən inkişaf etmiş ölkələrindən birinə çevirməyi hədəfləyirlər. AB ölkələri də daxil olmaqla, ABŞ Ukrayna üçün onmilyardlar xərcləməyə hazırdır. Beləliklə, bir neçə ildən sonra Ukrayna sanksiyalar altında iqtisadiyyatı darmadağın olan Rusiyanın təsir dairəsindəki subyektlərin Kiyevə meyillənəcəyini hesablayır.

Əsas məqsəd Putini “maksimal qələbədən” – Ukraynanı tam ələ keçirməkdən yayındırmaq və “minimal qələbəyə” – Krım, Donbas, Ukraynanın neytral statusu və s. razı salmaqdır.

Putinin bu plandan xəbərsiz olduğunu və ölkəsinin hazırkı durumunu qiymətləndirmədiyini düşünmək sadəlövhlük olar. Rusiya lideri yaxşı bilir ki, indiki halda dayanmaq və Ukraynanın, öz təbliğatlarında qeyd etdikləri kimi, “demilitarizasiya və denasifikasiyası”ndan imtina etmək qələbə deyil!

Rusiya müharibə ilə tam məqsədinə çatmağa məcburdur: onsuz da Qərb Rusiyaya iqtisadi müharibə elan edib, MB-nin aktivləri dondurulub, Rusiyaya yüzlərlə sanksiya tətbiq edilib, beynəlxalq bank ödəniş sistemindən çıxarılıb, rubl hər gün sürətlə çökür və s. Müharibə dayanan kimi bu sanksiyaların dərhal ləğv ediləcəyindən söhbət gedə bilməz. Müharibə dayanarsa, ən yaxşı halda sanksiyaların ardı gəlməyəcək. Qərb illərlə bu savaşı ona görə körükləməyib ki, sanksiyaları da dərhal ləğv etsin!

Ona görə də Rusiya müharibə ilə tam nəticəyə nail olmağa çalışacaq: əsas hədəf Ukraynada Zelenskini hakimiyyətdən devirmək və loyal birinin ölkə idarəetməsinə gətirilməsidir. Yalnız bu halda Rusiya strateji məğlubiyyətinin başlanması vaxtını bir müddət – bəlkə də bir neçə onil uzada bilər.

Bu səbəbdən hazırda atəşkəs və sülh – olduqca çətin görünür. Rusiya müharibədə nə qədər itirsə də, işi “yarımçıq” qoyacağı çox mübahisəlidir. Putin Krıma və Dnestryanıya quru yolu, Ukraynada isə hakimiyyət dəyişikliyini təmin etmədən dayanarsa, bu, müharibənin həm də taktiki uduzulması demək olacaq…