Zelenski Mişellə yenidən danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.

Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitterdə yazıb.

Tərəflər Rusiya Federasiyasına təzyiqin artırılması tədbirləri və Ukraynanın Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.

“Növbəti beynəlxalq danışıqlar. Biz Avropa Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya maliyyə dəstəyinin gücləndirilməsini müzakirə etdik. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı gələcək danışıqlar prosesinə xüsusi diqqət yetirildi”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb. Şarl Mişel bundan sonra bildirib ki, üzvlüklə bağlı Avropa İttifaqında konsensus yoxdur.