Türk dövlətlərinin diasporu bir araya gəlir

Sabah Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspor Forumu işə başlayacaq.

Forumda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan heyətləri iştirak edəcəklər.

Türk Dövlətləri Təşkilatı ilə Türkiyə Mədəniyyət Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi tərəfindən birgə təşkil edilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul nazirlik və təşkilatlarını təmsil edən rəsmi heyətlərin iştirakı ilə keçiriləcək Forumda diaspor sahəsi üzrə görülən işlər təhlil ediləcək, qarşıya qoyduğu vəzifələr ətrafında müzakirələr aparılacaq.

İki gün keçirilməsi planlaşdırılan tədbirdə türk dövlətlərində diasporçuluğun tarixi və müasir vəziyyətinə dair panellər təşkil olunacaq.

Bundan başqa, nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.