“ƏTRAFI PUTİNƏ HƏQİQƏTLƏRİ DEMƏYƏ QORXUR” – ABŞ kəşfiyyatı Kremldəki ab-havanı açıqladı

 

ABŞ kəşfiyyatının təxminlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin müşavirləri Rusiya qoşunlarının Ukraynadakı “real nailiyyətləri” barədə həqiqəti ondan gizlədirlər.

Bu barədə məlumatı ABŞ administrasiyasından adının çəkilməsini istəməyən rəsmiyə istinadən “Associated Press” agentliyi verib.

Həmin rəsminin sözlərinə görə, məsələn, müddətli xidmətdə olan əsgərlərin hərbi əməliyyatlarda iştirak və həlak olması barədə məlumatlar Putindən gizlədilir. Kreml rəhbəri bundan əvvəl demişdi ki, Moskvanın “xüsusi əməliyyat” adlandırdığı bu müharibədə yalnız müqaviləli hərbçilər iştirak edirlər. Lakin daha sonra Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda müddətli əsgərlərin iştirak etməsini və bəzilərinin əsir düşməsini etiraf etmişdi. Nazirlik bildirirdi ki, Ukraynaya aparılmış müddətli xidmət hərbçiləri artıq Rusiyaya qaytarılıblar. Putin belə hallara yol verilməsinin prokurorluq tərəfindən araşdırılmasına göstəriş vermişdi.

Rəsminin dediyinə görə, Putindən habelə Qərb sanksiyalarının ölkənin iqtisadiyyatına vurduğu ziyanın həqiqi miqyasları gizlədilir. Administrasiya nümayəndəsi iddia edib ki, Putinin çevrəsi ona həqiqəti deməkdən qorxur. Lakin rəsmi bunu da qeyd edir ki, Putin hər halda hərbçilərin cəbhədəki əsl vəziyyəti ondan gizlətdiklərini hiss edir. Bu da qeyd olunur ki, belə bir vəziyyət artıq Putinlə hərbiyyə rəhbərləri arasında müəyyən ziddiyyətlərə səbəb olub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Putin ictimaiyyət arasında az-az görünür.

Azsaylı çıxışları zamanı Prezident “xüsusi əməliyyatın” plan üzrə getdiyini vurğulayır.

ABŞ kəşfiyyatının sözügedən məlumatı üzərindən məxfilik yenicə qaldırılıb. Bundan əvvəl Prezident Co Bayden kəşfiyyat məlumatları barədə danışmaqdan imtina etmişdi. Administrasiya rəsmisi bildirib ki, Ukraynada hazırda durğunlaşmış müharibədə Rusiya qüvvələri ağır itkilərə məruz qalıb. Ukraynalıların qızğın müqaviməti ilə üzləşən Rusiya hərbçiləri arasında ruh düşkünlüyünün hökm sürdüyü bildirilir.

ABŞ kəşfiyyatının son məlumatları barədə suallara cavab verən dövlət katibi Entoni Blinken deyib ki, Kreml daxilindəki dinamikada müşavirləri Putinlə açıq danışmaqdan çəkinirlər: “Avtokratiyaların “Axilles dabanı” da ondadır ki, bu sistemlərdə hakimiyyətə həqiqəti deyən, həqiqəti deyə bilən adamlar olmur. Biz bu gün Rusiyada məhz bunu görürük”.

“AzPoliika.info”