300 osetin Ukraynada döyüşməkdən imtina etdi

Cənubi Osetiyadan olan 300-ə yaxın əsgər könüllü olaraq Ukraynada döyüşməkdən imtina edərək geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə osetinli bloger Alik Puxayev məlumat verib.

“Rusiya hərbi bazasından olan 300-ə yaxın hərbçi (əsasən etnik osetinlər) Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölümə buraxıldıqlarını düşünərək, öz istəkləri ilə Cənubi Osetiyaya qayıdıblar”, – o bildirib.

Qeyd edək ki, qondarma “respublika”nın keçmiş “prezidenti” Eduard Kokoytı özünün Teleqram kanalında bildirib ki, hərbçilərin müəyyən hissəsi həqiqətən də Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina edib:

“Müharibə zonasından Osetiyaya qayıdan əsgərlərimizin ətrafında yaranmış vəziyyətdən hamımız narahatıq. Heç kimin bu adamları qınamağa və ya qorxaqlıqda ittiham etməyə haqqı yoxdur. Biz baş verənlərin əsas səbəblərini başa düşməliyik və onların necə döyüşdüyünü öyrənməliyik. Biz bununla ən ciddi şəkildə məşğul olacağıq”.

Kokoytı əlavə edib ki, yüzlərlə osetin döyüşçüsü hazırda hərbi əməliyyat zonasındadır.