Aprel döyüşlərinin qaziləri tələbələrlə görüşdülər

Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) SABAH qrupu tələbələrinin Qarabağ müharibəsi və Aprel döyüşü qaziləri ilə   görüşü təşkil edilib.

BDU-nun dəyirmi akt zalında baş tutan tədbiri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli açaraq hər kəsi salamlayıb.

Sonra Dövlət himni səslənib. Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında qürurla danışıb:

“Cəmi 4 gün  çəkən bu vətən savaşı nəticə etibarilə noyabr zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım, ilk zəfər qoxusu idi. Həmin günlərdə, eləcə də sonrakı  tarixi qələbələrimizdəki sevinci xaqlımıza yaşadan şəhidlərimizi ehtiramla anırıq, döyüşçülərimizlə fəxr edirik”.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri –  komando qrupunun komandiri Ramiz Məmmədzadə, çəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, komando birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında çıxış edib, müharibə xatirələrini tələbələlə bölüşüblər.

Yazıçı Varis və araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk isə çıxışlarında Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yükəlməsi yönündə bu döyüşlərin rolunu qeyd ediblər.
Yazıçı Varis  Azərbaycanın Milli Qəhrəmanı  Əlif Hacıyevin həyatından və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər” kitabını,  jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin qəhrəmanlarından bəhs edən ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticə əldə edən tələbələrə hədiyyə etdikərini bildiriblər.

SABAH qrupu  tarix müəllimliyi ixtisaslaşmasının İV kurs  tələbəsi Fizzə Məmmədovanın şəhidlərimizə həsr etdiyi  “Şəhidim, sənə söz verirəm…” şeiri və ərazi bütövülüyümüz uğrunda mübarizə aparan döyüşçülərimiz haqqında  yazdığı şeiri alqışla qarşılanıb.

Sonda SABAH qrupu hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Bağırzadə Zübeyrın ifa etdiyi “Cənab leytenant” mahnısına tədbirin bütün iştirakçıları da ifaları ilə dəstək veriblər.