Paşinyanın Qarabağla bağlı qərarına saatlar qaldı – Yeni müharibə, yoxsa…

Ermənistanın üçtərəfli bəyanatlarla bağlı konkret mövqeyini müəyyənləşdirmək baxımından Brüssel görüşü rəsmi Bakı üçün həlledici ola bilər. Bunun anonsunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul etdiyi görüşdə “Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq” açıqlaması ilə də elan etdi.

Düşünürəm ki, bu önəmli mesajı rəsmi İrəvan artıq alıb və tarixində bircə dəfə də olsa müstəqil addım ataraq qərarını buna görə müəyyənləşdirəcək. Çünki istər dövlət başçısı səviyyəsində, istərsə də XİN və digər diplomatik korpus nümayəndələrinin bəyanatlarından da açıq sezilir ki, Azərbaycan daha bir neçə il gözləmək fikrində deyil.

İrəvan yenə də ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həlli üzərində dayanmaqda davam edərsə bu, sözsüz ki, Bakıda üçtərəfli bəyanatın şərtlərini pozmaq, sülh danışıqlarından yayınmaq kimi dəyərləndiriləcək. Çünki bu məsələdə Azərbaycanın mövqeyi müharibənin bitdiyi ilk gündən bəllidir. 44 günlük müharibədəki tarixi Zəfər ilə Azərbaycan 30 illik işğala son qoymaqla bu illər ərzində Minsk Qrupunun fəaliyyətinin sadəcə “turizm diplomatiyası”ndan başqa bir şey olmadığını bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı Minsk Qrupu ilə bağlı mövqeyini müharibənin bitdiyi ilk gündən bu günə kimi dəfələrlə bəyan edib. Minsk Qrupu faktiki olaraq fəaliyyətsiz bir quruma çevrilib.

Əgər bu gündən sonra qurum öz fəaliyyətini davam etdirmək niyyətindədirsə, Bakı buna sadəcə humanitar məsələlərlə bağlı fəaliyyət çərçivəsində razılıq verə bilər. Çünki onun həll etməli olduğu məsələni Azərbaycan Ordusu öz gücü ilə həll edib. Minsk Qrupunun 30 illik fəaliyyəti deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupu prosesin həlli məsələsini ləngitməkdən, qeyri-obyektiv mövqe tutmaqdan başqa heç bir işlə məşğul olmadı. Ona görə də problemin beynəlxalq hüquqla tənzimlənməsi ilə bağlı 2020-ci ilin sentyabrına kimi hər hansı bir təsir mexanizmi ilə bağlı yadda qalan fəaliyyəti nəzərə çarpmayan belə bir qurumun həllini tapmış problem istiqamətində işi də artıq ancaq humanitar məsələlərdən ibarət ola bilər.

Ermənistan müharibədən sonra da ənənəsinə sadiq qalıb. Rəsmi İrəvan günü bu gün də sülh danışıqlarında ikiüzlü siyasət aparır. Onların mövqeyi görüş yerinin təyin olunduğu məkanın abu-havasına uyğunlaşır. Belə ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan arasında olan görüşlərdə Nikol Paşinyan bir xəttə üstünlük verir, Rusiya vasitəçiliyi ilə keçirilən bu kimi görüşlərdə isə digər mövqedən çıxış edir. Açıq-aydın görünür ki, Ermənistan rəhbərliyi qeyri-səmimidir və bu cür ikili oyunla yeni manipulyasiyalar üçün vaxt qazanmaq niyyəti güdür. Amma Nikol Paşinyanın bu siyasətinin Ermənistan üçün faciə ilə nəticələnəcəyini deyəsən ondan başqa hər kəs başa düşür.

“Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın səsləndirdiyi son fikirlərini deyilənlərin təsdiqi adlandırmaq olar: “İnsanlar görürlər ki, sülh deyilən şeyin əvəzinə daha təhlükəli vəziyyət yaranıb. Təsadüfi deyil ki, cəmiyyətimizin əksər vətəndaşları üçün bir nömrəli məsələ təhlükəsizlik məsələsidir. İnsanlar özlərini etibarsız hiss edirlər. Çox acınacaqlı bir faktı qeyd etmək istəyirəm. Müharibədən sonra bir çox valideynlər övladlarının daha təhlükəli cəbhələrdə xidmət etməyəcəyinə, Qarabağda xidmət etməyəcəyinə ümid edirdilər, lakin bu gün görürlər ki, uşaqlar daha pis vəziyyətdədirlər. Hakimiyyət yalan danışıb”.

Bir daha aydın olur ki, artıq Ermənistan cəmiyyəti çoxluq olaraq Bakının sülh təklifini müsbət qarşlayır, təhlükəsiz və əminamanlıq şəraitində yaşamaq istəyirlər. Manukyanın dediyindən o da aydın sezilir ki, erməni xalqı üçün Qarabağ məsələsi böyük mənada artıq qapanıb, onlar bu torpaqları Azərbaycanın ərazisi kimi qəbul edirlər və bu torpaq uğrunda ölmək istəmirlər. Lakin rəsmi İrəvanın nümayiş etdirdiyi mövqe anlaşılmaz və xalqının arzu və istəyinə tamamilə ziddiyyət təşkil edir.

Doğrudur, problem tərəflərinin məsələni özləri masa arxasında müzakirə edib, həllinə varmaq şansı daha çoxdur ki, Azərbaycan və Ermənistan bu yolla davamlı sülhə nail olmaq potensialının olduğu bundan əvvəlki Avropa ittifaqının vasitəçiliyi ilə gerçəkləşən Brüssel görüşündə də hiss edildi. Lakin kölə psixologiyasından heç cürə qurtula bilməyən Ermənistan hər dəfə kənar qüvvələrin məsələyə müdaxiləsinə ehtiyac duyaraq, keçmiş vərdişindən əl çəkə bilmədiyini nümayiş etdirir. Amma Paşinyan hakimiyyəti artıq öz mövqelərini açıq şəkildə ortaya qoymalıdır. Sabah Brüssel görüşündən Baknın gözləntiləri də bu istiqamətdədir. Regiondakı gələcək proseslər Paşinyanın bu görüşdə sərgiləyəcəyi “performans”dan asılıdır. Çünki rəsmi Bakı nöqteyi nəzərdən danışıqlar yolu ilə məsələdə razılıq olmayacağı təqdirdə, onun güc vasitəsi ilə həlli istisna edilmir.

Qanunsuz erməni hərbi birləşmələri Qarabağın dağlıq hissəsindən çıxarılmazsa, delimitasiya, demarkasiya işləri vaxt itirmədən başlanmazsa, Azərbaycanın başqa seçimi qalmayacaq. Nəticədə Azərbaycan ordusunun Fərruxlu istiqamətindəki uğurumuz digər istiqamətlərdə də sabahkı görüşdən sonra davam edə bilər. Buna görə də aprelin 6-da keçiriləcək Brüssel görüşü Paşinyan üçün olduqca önəmli olmalıdır. Bu görüşdə rəsmi İrəvan Ermənistanın mövqeyini açıq-aydın ortaya qoymalı, Azərbaycan Prezidentinə məqsədlərini bəyan etməlidir. Çünki Azərbaycan bu məsələdə İrəvanı əbədi gözləmək fikrində deyil. Ermənistana təqdim edilən 5 maddəlik sülh paketi irəli sürüb ki, bu 5 şərtlik təkliflə rəsmi Bakı Ermənistan hakimiyyətindən artıq konkret nəticələr gözləyir. Bu isə o deməkdir ki, Nikol Paşinyan Azərbaycan liderinə sabah Brüsseldə ya “hə”, ya da “yox” cavabı verməlidir.