Rus qoşunları Ukraynanın şimalını tərk edib

Şimalda rus qoşunları artıq Ukraynadan tamamilə Belarus və Rusiyaya çəkilib. Bu qüvvələrin ən azı bir hissəsi Donbassda döyüşmək üçün Ukraynanın şərqinə yerləşdiriləcək.

Bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında deyilir.

“Bu qüvvələrin bir çoxunun daha şərqə yerləşdirməyə hazır olmasından əvvəl əhəmiyyətli gücləndirmələrə ehtiyacı olacaq və şimaldan istənilən kütləvi yerdəyişmə ən azı bir həftə çəkəcək. Rusiyanın şərq və cənubdakı şəhərləri atəşə tutması davam edir. Rusiya qüvvələri onların nəzarətində qalan strateji İzyum şəhərindən daha da cənuba doğru irəliləyib”, – açıqlamada deyilir.

Baş Qərargahın bu gün səhər verdiyi məlumata görə, ruslar Ukraynada döyüşmək üçün Belarus ərazisində könüllülər toplayırlar:

“Rus işğalçılarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisində hücuma keçməyə və Donetsk istiqamətində Birləşmiş Qüvvələr qruplaşmasının müdafiəsini yarmağa davam edir”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb.