260 manata görə 80 yaşlı kişinin evinə girdilər

DİN-in “102 – Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuş şəxslər – Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıblar.

Rəsmi məlumata görə, hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.