Əjdər Ol daha yüngül cəza istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə Modern.az-a Əjdər Olun vəkili məlumat verib.

Vəkil qeyd edib ki, cinayət işi üzrə dəymiş ziyan tam ödənilsə də, həmçinin mülki iddia olmadığı halda müvəkkilinə ağır cəza təyin olunub.

Buna görə də, vəkil Əjdər Ola daha yüngül cəza təyin olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət artıq məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.