“Dil millətin simasını səciyyələndirən amillərdən biridir”

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ümummilli lider Heydər Əliyev: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.”

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Dil millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Dil insanların sosial tələblərini ödəmək, qazanılmış naliyyətləri möhkəmləndirmək və başqalarına çatdırmaqda əvəzsiz vasitədir.

Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili statusu almasında ölkəmizin ümümmilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev dövlət dili sahəsində tədbirlər həyata keçirilməsinə ölkəyə hakimiyyətə gəldiyi ilk günlərdən başlamışdı. Azərbaycan ədəbi və danışıq dilini, onun qrammatik imkanlarını dərindən bilən, zəngin lüğət tərkibi ilə yaxşı tanış olan ulu öndər ən yüksək səviyyələrdə keçirilən müşavirələrdə, dövlət tədbirlərində təmiz ana dilində parlaq çıxışları ilə xalqın böyük sevgisini qazanmışdır.1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi.

Ulu öndər həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.

Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.

Ulu öndər belə demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.”

Bu gün də Cənab prezidentimiz İlham Əliyev Ulu öndərin dilimizin inkişafı, qorunub saxlanılması, saflığı istiqamətində apardığı siyasətini layiqli şəkildə davam etdirir.

]Bəxtiyar Seyidov
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin müəllimi