Rusiya səfiri Moldova XİN-ə çağrıldı

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode bildirib.

“Rusiya diplomatiyasının rəsmi nümayəndəsinin dövlət başçısına ünvanladığı qəbuledilməz bəyanatlara görə Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov nazirliyə çağırılıb”, – Vode bildirib.

Xatırladaq ki, aprelin 19-da Moldova Prezidenti Maya Sandu “Z”, “V” simvollarının və “Müqəddəs Georgi” lentinin istifadəsinə qadağa qoyulması haqqında parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da buna reaksiya verərək bildirmişdi ki, başqalarının yaşaması üçün insanların canlarını qurban verdiyi simvola qarşı belə addım atanlar tarixin zibilliyinə düşər.