Azərbaycanın bank sektorunun aktivləri 22% artıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 39 673,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər veririk ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 22 % çoxdur.

Bankların aktivlərinin 16 350,0 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 24 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,2 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,5 % artaraq 34 731,7 milyon manata, o cümlədən depozit portfeli 34,2 % artaraq 28 259,2 milyon manata çatıb. Bunun 10 200,8 milyon manatı fiziki, 18 058,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 27,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 38,5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,6% azalaraq 317,2 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,9 % artaraq 4 941,5 milyon manat təşkil edib.