Fransanın hicab fobiyası: Makronla Le Pen arasında din QALMAQALI

Fransada prezidentliyə namizədlər Emmanuel Makron və radikal sağçı Le Pen seçkiqabağı televiziyada üz-üzə gəlib. Tərəflər arasında Rusiya və hicab müzakirəsi üç saatlıq müzakirəyə damğasını vurub.

Modern.az xəbər verir ki, ifrat sağçı namizəd seçiləcəyi təqdirdə ictimai yerlərdə hicabın qadağan edəcəyinə söz verib. Makron isə rəqibinə “Əgər bunu etsəniz, vətəndaş müharibəsinə başlayarsınız”, – deyə rəqibinə xəbərdarlıq edib.

Le Penin İslam fobiyası

Müxalif namizəd Le Pen İslamın Fransada yeri olduğunu, lakin gender bərabərliyinə, dünyəvilik və demokratiyaya hücum edən islamçı ideologiyaya qarşı çıxdığını deyir.

“Mən ictimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam. Hesab edirəm ki, baş örtüyü islamçılar tərəfindən qoyulan formadır və onu geyinən gənc qadınların çoxunun başqa seçimi yoxdur. Ölkəmizdə bu vəziyyət qəbuledilməzdir. Bütün qadınlar azad edilməlidir”,- prezidentliyə namizəd bildirib.

Baş örtüsü qadağan olunsa, vətəndaş müharibəsi başlaya bilər

Prezident Makron hicabın din məsələsi olduğunu və hər hansı dini simvolun qadağan edilməsinin əleyhinə olduğunu deyib.

“Əgər bu məntiqlə hərəkət edirsinizsə, bərabərlik prinsipinə uyğun olaraq, təkcə hicab deyil, ictimai yerlərdə bütün dini simvolları qadağan etməlisiniz. Siz vətəndaş müharibəsinə başlayacaqsınız. Belə bir təcrübə tətbiq olunarsa, Fransa dini simvolları qadağan edən ilk ölkə olacaq. Bunun heç bir mənası yoxdur. Dini nişanlar daşıyanların arxasınca nə qədər polis və jandarm qaçacaq?”.

Le Pen isə “Siz maskaların dalınca qaçdığınız polislər qədər” cavabını verib.

Le Pen və Putin əlaqələri

Le Penin Rusiya lideri Vladimir Putinlə yaxınlığı da debatda gərgin müzakirələrə səbəb olub. Le Penin Rusiya administrasiyasına yaxın bir bankdan külli miqdarda kredit aldığını xatırladan Makron, “Rusiyadan danışanda başqa ölkələrin idarəçilərindən deyil, bankirinizdən danışırsınız” deyib.

Le Pen isə heç bir Fransız bankının ona kredit vermədiyi üçün xaricdən borc götürməli olduğunu müdafiə edib.

Duelin qalibi Makrondur

Çoxdan gözlənilən proqramı təxminən 16 milyon insan izləyib. Debat zamanı müzakirənin istiqamətini tez-tez çıxmaqla Le Penin vədlərindəki boşluqları və uyğunsuzluqları Makron üzə çıxarmağa çalışırdı. Xalq tərəfindən keçirilən sorğularda Makronun daha inandırıcı olduğu bildirilir. Belə ki, Makron 59%-lə rəqibini qabaqlayıb.

Qeyd edək ki, Fransada 2010-cu ildə qəbul edilən və 2011-ci ildə qüvvəyə minən qanun kontekstində ictimai yerlərdə örtükdən istifadə qadağan edilib və bu qadağa təhlükəsizlik səbəbi ilə tətbiq olunub. Bundan başqa Avropa ölkələri arasında ən çox müsəlman əhaliyə sahib olan ölkə Fransadır. Belə ki, ölkə əhalisinin təxminən 8,8%-i müsəlmandır.