“Ölü bir qurumu diriltmək məntiqsizlikdir”

Keçmiş “Dağlıq Qarabağ münaqişəsi” 10 noyabr 2020-ci il tarixli razılaşma ilə sona çatdıqdan sonra de-fakto ATƏT-in Minsk qrupu səlahiyyətlərini itirmiş vəziyyətdədir. Prezident İlham Əliyev Mİnsk qrupunun fəaliyyətinin nəticəsini sıfır adlandırmaqla 28 il davam edən və münaqişənin hüquqi əsaslarla həll olunması missiyasını üzərinə götürmüş təşkilatın ən dolğun qiymətini verib.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və qonşuluq prinsipi ilə əlaqələrin qurulması istiqamətində görülən işlərdə Avrop İttifaqının səylərinə köklənmək daha doğu seçimdir ki, bunu da hər iki dövlətin başçıları isti yanaşırlar: “Brüssel görüşü isə demək olar ki, dönüş nöqtəsidir. Bu yaxınlarda Laçın şəhərindən yan keçməklə inşa edilən yeni yolun görüntülərinin yayılması əslində bu istiqamətdə işlərin daha öncədən aparıldığının göstəricisidir. Hesab edirəm ki, aprel ayının sonlarına qədər işçi komissiyasının yaradılması yekunlaşacaq və əlaqələrin qurulması istiqamətində işlər daha da sürətləndiriləcək. Minsk qrupunun yenidən fəallaşması mükünlüyü barədə Ermənistan tərəfinin iddiaları olsa da hələlik bunun üçün heç bir lüzum yoxdur. Müharibənin bitməsindən 18 ay ötməsinə baxmayaraq bu təşkilat tərəfindən bir təklif irəli sürülmədiyi halda ölü bir qurumu diriltmək məntiqsizlikdir. Hətta vəziyyəti elə həddə çatdırmalıyıq ki, hər iki dövlət başçıları kənarda deyil, vasitəçisiz olaraq Bakı və Yerevanda danışıqları davam etdirməlidirlər”.