Əmisini öldürdü, 7 gün sonra TUTULDU

20 aprel 2022-ci il, saat 8 radələrində Laçın rayonu, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb.

Faktla bağlı Laçın rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.