“Türkiyə-Azərbaycan əməkdaşlığı dünya dövlətləri üçün nümunə olmalıdır”

Türkiyə Azərbaycan əməkdaşlığı siyasi, iqtisadi inkişafa və dayanıqlı sülhə, təhlükəsizliyə xidmət edir

Türkiyənin və Azərbaycanın dərinləşən əlaqələrini təhlil edəndə bu qənaətə gəlmək olar ki, bu əməkdaşlıq modeli regionda iqtisadi inkişafı hədəfləməklə bərabər bölgənin təhlükəsizliyinə birbaşa istiqamətlənib. Çünki bölgədə stabillik olmadan iqtisadi inkişafı təmin etmək çətin olur. Bu baxımdan Türkiyə hər zaman ədalətli mövqe nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çalışıb.

Bunu Zafertv.az-a ekspert Əkrəm Bəydəmirli deyib.

Hələ 2018-ci ildə Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 100 iliyi ilə bağlı Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir daha öz məzmunlu çıxışında hər zaman ədalətin yanında olduqlarını bəyan etmişdi:
“Qardaş ölkənin Prezidenti o zaman bildirmişdi ki, problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyə sonadək dəstəkləməyə davam edəcək. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Prezident Rəcəb Tayyib Ərdoğan məhz o zaman (2018-ci ildə) qeyd etmişdi ki, Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir”.

Türkiyə bu gün gerçəkləşdirdiyi siyasətilə öz sözünə, prinsiplərinə sadiq qaldı. Məhz budur siyasətə, qardaşlığa əxlaqi prizmadan yanaşmaq: “Bügünkü Türkiyə Azərbaycan əməkdaşlığı dünya dövlətləri üçün çox yaxşı nümunə olmaqla bərabər, bu, əməkdaşlıq siyasi, iqtisadi inkişafa və dayanıqlı sülhə, təhlükəsizliyə xidmət edir” .