Büdcədə dəyişiklik – Bu sahələrə daha çox vəsait ayrılacaq

İqtisadi Şuranın ötən günlərdə keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması müzakirə edilib. İclasda büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Büdcəyə yenidən niyə baxılacaq? Hanı düzəlişlər gözlənilir?

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov vurğulayıb ki, 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hələlik Milli Məclisə təqdim edilməyib:

“Amma bununla bağlı müzakirələr gedir. Əsas səbəblərdən biri də xüsusilə dövlət büdcəsində neftin bir barelinin orta qiymətinin 2022-ci ilin geridə qalan ayları üçün 100 dolardan yüksək olması ilə bağlıdır. Bu o deməkdir ki, neftin büdcədəki qiyməti ilə müqayisədə dünya bazarındakı qiyməti 2 dəfədən çoxdur. Eyni zamanda qeyri-neft sektorundan da daxilolmalar var. Bu qeyri-neft sektorunda iqtisadiyyatın ağardılması ilə bağlı islahatların davam etməsi və neftin bazar qiymətlərinin yüksək olması fonunda neft sektorundan daxil olan vergi ödənişlərinin həcminin çox olması ilə əlaqədardır. Bir sözlə, gəlirlər proqnozlaşdırılandan daha çox olub”.

Deputatın sözlərinə görə, büdcəyə dəyişikliklərlə bağlı qanun layihəsi təqdim ediləcəyi halda bu barədə təkliflər səsləndiriləcək:

“Əvvəla sosial istiqamətə ayrılan vəsaitlərin artırılması məqsədəuyğundur. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin bərpası, müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı vəsaitin artırılması lazımdır. Bununla bərabər büdcəyə dəyişiklik ediləcəyi halda prioritet sahələrə daha çox vəsaitin ayrılacağı gözlənilir”.