Putin ABŞ-dan daha adildir, “qisas” almayacaq

Amerikalı siyasi ekspert Endryu Korıbkonun Axar.az-a müsahibəsi:

– Rusiyanın müttəfiqi olmasına baxmayaraq, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı açıqladı ki, “lxr” və “dxr”ı müstəqil qurum kimi tanımır. Onun bu açıqlamasını necə qiymətləndirirsiniz?

– Prezident Tokayevin bəyanatı Qazaxıstanın beynəlxalq münasibətlərlə bağlı mövqeyi ilə üst-üstə düşür. Qazaxıstan özünü müstəqil dövlət elan edən, BMT-nin rəsmi üzvü olmayan heç bir qurumu birtərəfli qaydada tanımır. Prezidentin bəyanatı da özündə bunu ehtiva edir. Moskva beynəlxalq münasibətləri yenidən formalaşdırmaqda olan çoxqütblü dünya nizamının əsas mühərriklərindən biridir və onun Donbasa baxışı beynəlxalq münasibətlərlə bağlı mövqeyinə də uyğun gəlir.

Bu yaxın müttəfiqlərin belə bir həssas məsələdə fərqli mövqelər nümayiş etdirmələrinin əsas səbəbi qlobal sistematik keçiddəki fərqli rolları ilə bağlıdır. Bu keçid ABŞ-ın rəhbərlik etdiyi Qərbin “Qızıl Milyard” və “Qlobal Cənub” arasında Yeni Soyuq müharibənin fonunda reallaşmaqdadır. Qazaxıstan Avrasiya İqtisadi İttifaqına (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğundan, çoxqütblü yeni dünya nizamında əsas oyunçu olaraq qalmaqla yanaşı, həm də strateji müstəqilliyini qoruyub saxlayır. Belə ki, o, əsas müttəfiqi olan Rusiyanın etdiyi hər addımı həmişə təkrarlamayacaq və ya dəstəkləməyəcək.

Bəzi xarici qüvvələr bu iki dövlət arasındakı fərqləri, bu fərqliliyə gətirib çıxaran səbəbləri və bu səbəblərdən yaranan nəticələri anlama cəhdlərində qeyri-səmimidirlər. Bu qüvvələr öz mənafelərinə uyğun olaraq, belə bir həssas mövzuya görə rus və qazax cəmiyyətləri arasında parçalanma yaradaraq onları bölmək və idarə etməyə çalışırlar. Buna görə də diqqəti faktlara cəmləmək, onları vicdanla şərh etməyə davam etmək və Rusiya ilə Qazaxıstan arasındakı bu spesifik fərqləri həddindən artıq şişirtməkdən çəkinmək vacibdir.

– Prezident Putinin Tokayevin açıqlamalarına reaksiyası necə ola bilər?

– Rusiya lideri Qazaxıstanın Rusiya qarşısında strateji muxtariyyətini qəbul edir və ona hələ də çoxqütblü dünya nizamını formalaşdırmaqçün etibarlı müttəfiq kimi güvənir. Hər hansı iki ölkə arasında, hətta ən həssas məsələlərdə belə, ara-sıra fikir ayrılıqlarının olması təbiidir, lakin diqqət etməli olduğumuz ən vacib nüans bu iki yaxın ölkənin bu cür ziddiyətli məqamları necə idarə etmələridir.

Məsələn, ABŞ öz tərəfdaşlarına aqressiv şəkildə təzyiq edir ki, onlar ABŞ-ın obyektiv milli maraqları naminə müəyyən güzəştlərə getsinlər. Rusiya isə əksinə, Qazaxıstanın strateji azadlığına hörmət edir və Amerikanın yanaşmasını təkrarlamayacaq. Bu müşahidə göstərir ki, Moskva beynəlxalq münasibətlərdə Vaşinqtondan daha yetkin və məsuliyyətli oyunçudur.

– Bu bəyanat Rusiya-Qazaxıstan münasibətlərinin gələcəyinə təsir edəcəkmi?

– Xeyr. Rusiya-Qazaxıstan Strateji Tərəfdaşlığı çox həssas bir məsələ olmasına baxmayaraq, bu bəyanatdan təbii ki, təsirlənməyəcək. Onların genişspektrli məsələlər üzrə, xüsusən də Aİİ, ŞƏT və KTMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı davam edəcək. İki ölkədən heç biri rəsmi səviyyədə digərinin hər hansı bir pis niyyətindən narahatlıq keçirmir, lakin əvvəlki iki cavabda izah etməyə çalışdığım kimi, hər iki ölkədə cəmiyyət bu fikir ayrılığını lazımi formada başa düşməlidir.

– Qazaxıstan prezidentinin açıqlamaları KTMT daxilində ajiotaj yarada bilərmi?

– Xeyr, bu da olmayacaq. KTMT hamı tərəfindən tanınmış dövlətlərdən ibarət qarşılıqlı müdafiə təşkilatıdır, Abxaziya, Donbas “respublikaları” və s. kimi tanınmayan qurumlardan ibarət deyil. “Dxr” və “lxr”lə bağlı siyasi fikir ayrılığı bu təşkilat daxilində Rusiya-Qazaxıstan əməkdaşlığına heç bir təsir göstərməyəcək.