İsrailin və İranın Azərbaycandakı səfirlərinin “tvit” qalmaqalında mənim diqqətimi bir məqam xüsusilə cəlb etdi.

Belə ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz Tvitter hesabında Azərbaycan xalqının tarixi paytaxtlarından biri olan Təbriz şəhərinin tarixindən, incəsənətindən bəhs edən “Təbrizin sehirli nağılları” kitabı barədə paylaşım etməsinə qıcıq olan və buna çox kobud tərzdə cavab verən İranın Azərbaycandakı səfiri Abbas Musavi cavab paylaşımında İsrail səfirini ölümlə təhdid edib və Təbrizi özlərinin “qırmızı xətti” adlandırıb.

Bundan əvvəl isə İranın ali dini lideri Əli Xamenei başda olmaqla molla rejiminin müxtəlif rəhbər şəxsləri Ermənistan sərhədlərinin dəyişilməzliyinin İranın “qırmızı xətti” olduğunu dəfələrlə bəyan ediblər və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıblar.

Əli Xamenei bugünlərdə Tehranda keçirilən Astana sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra hətta öz Tvitter hesabında “İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”, deyə bir tvit də paylaşmışdı. Bu da cənab Xameneinin ya tarix sahəsindəki biliklərinin yetərli olmamasından irəli gəlir, yadaki o, tarixi həqiqətləri qəsdən təhrif edir.

30 il ərzində müsəlman torpağının – Qarabağ və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalı altında qalmasına göz yuman, bunu İran dövlətinin, müsəlman farsların “qırmızı xətti” adlandırmayan ayətullah Xameneinin, indi birdən-birə xristian (qriqoryan) məzhəbli təcavüzkar, quldur dövlətin – Ermənistanın sərhədlərinin toxunulmazlığını özlərinin “qırmızı xətti” elan etməsi həqiqətən də heyrət doğurur.

Urmu gölünə qarşı illərdir ki, ekoloji terror siyasəti həyata keçirən, Təbrizdəki tarixi Ərk qalasının yavaş-yavaş məhv edilməsinə laqeydlik göstərən molla rejiminin diplomatının indi qəfildən Təbrizi özlərinin “qırmızı xətti” elan etməsi isə ümumiyyətlə, heç bir sağlam məntiqə sığmır.

Əsl həqiqətə qalsa, Zəngəzur da, Urmu da, Təbriz də bizim “qırmızı xəttlərimizdir, cənablar, sizin yox! “Min illərdir kommunikasiya yoludur” deyilən hazırkı Ermənistanın sərhəd əraziləri Azərbaycan türklərinin dədə-baba torpaqlarıdır. O yerlərin nə farslara, nədəki ermənilərə heç bir aidiyyatı yoxdur. Gedin öz “qırmızı xətt”lərinizi ayrı yerdə axtarın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri