Flora Kərimovadan həbs olunan qazi ilə bağlı ÇAĞIRIŞ

Xalq artisti Flora Kərimova Ukraynada həbs olunan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Müğənni sosial şəbəkə hesabında hamını qaziyə dəstək olmağa çağırıb.

“Bu igidimiz – Qasımlı Misiri İkinci Vətən – Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!

Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir “dığa”ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.

Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.

Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”, – deyə Flora Kərimova instaqram hesabında yazıb.

Qeyd edək ki, Misirli Qasım Kiyevdə ermənilərin şikayəti əsasında saxlanılıb. Ona qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, lakin bir ildir bu ittihamlar sübuta yetirilməyib.

Ukraynada həbsdə olan 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.