Hərbi prokuror ordudakı cinayət hallarından danışdı

2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalıb.

Bunu Azərbaycan Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev “Xalq qəzeti” üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışıb:

“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araş­dırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq me­todikası və taktikası, səriştəli aparılan is­tintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 faizi açılıb”.

Hərbi prokuror bildirib ki, Silahlı Qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb:

“Hərtərəfli, tam, obyek­tiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub”.