İrəvan sürətlə “silahlanır”: şou, yoxsa aqressiya?

Əslində Ermənistan büdcəsində müdafiə xərclərinə təqribən ildə 700-800 milyon dollara yaxın əlavə vəsait nəzərdə tutulub. Bundan başqa diaspor təşkilatlarının da Ermənistana məhz müdafiə xərcləri ilə bağlı ayrıca yardım fondu var. Çox güman ki, o fonddan da istifadə edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli Ermənistanın silah almağa yüzmilyonlarla dollar vəsaiti haradan tapması barədə danışarkən deyib.

“Son zamanlar belə xəbərlərin yayılması, Hindistanla silah tədarükü haqda müqavilə ondan xəbər verir ki, ən azı diaspor təşkilatları Ermənistanın silahlanmasına ciddi maliyyə dəstəyi göstərir. Amma bu vəsait təhlükəli həcmdə deyil. Azərbaycan Ordusunun həm texniki təchizatı, həm bugünkü gücü Ermənistan ordusundan dəfələrlə çoxdur. Təbii ki, bu xəbərlər Ermənistanın daxilində ictimaiyyətin “sakitləşdirilməsi”nə hesablanıb. Çünki Ermənistanda ciddi bir panika var. Son zamanlar Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü itirə biləcəyilə bağlı səs-küy yayılır. Bu panikanın qarşısını almaq üçün dövlət rəsmiləri bu tipli açıqlamalar verirlər. Əslində o müqavilənin yerinə yetirilməsi (Hindistandan 244 milyon dollar dəyərində raketlər alınması – red.) yaxın zamanlarda mümkün deyil. Sadəcə bu xəbərləri Ermənistan cəmiyyətində ruh düşkünlüyünün qarşısını almaq üçün hesablanmış addım kimi də dəyərləndirmək olar. Amma bütün hallarda Ermənistanın silahlanması cəhdlərini Azərbaycan ciddi nəzarətdə saxlamalıdır”, – deyə N.Cəfərli qeyd edib.