Məşhur şəxslərin Şuşa haqqında söylədikləri…

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycanın daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Heydər Əliyev,
Ümummilli lider

***

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!.

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

***

Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevrilmişdir. Onların adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə şəhər Şuşadır.
Şuşa Azərbaycan mədəniyyətinin parlaq rəmzlərindən biri kimi olub və qalmaqdadır.

Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

***

Pənah xan yaxın adamları ilə hərtərəfli məsləhətləşdikdən sonra Şuşa şəhərini bina etdirdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdırdı. O quyulardan su çıxdıqdan sonra Şuşa şəhərinin (1750-ci ildə) binası qoyuldu.

Mirzə Adıgözəl bəy Qarabaği,
Tarixçi

***

Şuşanın təmiz havası, buz bulaqları, əsrarəngiz mənzərələri onun musiqi beşiyi kimi formalaşmasında mühüm rol oynamışdır. Bu torpaq dünya musiqi mədəniyyəti xəzinəsinə professional Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovu, professional Azərbaycan vokal sənətinin banisi, dahi müğənni Bülbülü bəxş etmiş, neçə-neçə görkəmli bəstəkar və müğənni, şair və yazıçı məhz bu torpağın suyunu içmiş, onun ab-havasından qidalanmışdır.  Buna görə də Şuşa “Qafqazın konservatoriyası” adını almış, vokal məktəbi kimi bütün Yaxın və Orta Şərqdə məşhur olmuşdur.

Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri

***

Axşam saatlarında Şuşanın qərb hissəsi cənnətin bir guşəsini xatırladır. İsveçrəni görənlər bu yeri onunla müqayisə edir. Ufa şəhərində “çin yaylağı”nı görənlər Şuşanın qərb hissəsini xan sarayının qürubdan əvvəl olan zöhrə zamanı ilə müqayisə edir. Və mən, Qafqaz yollarının landşaftını görən Allahın qulu təsdiq edirəm ki, şəhərin qərb hissəsinin qürub vaxtı sehri o qədər böyükdür ki, o insan qəlbini sevindirir. Nadir hallarda başqa yerlərdə insanın payına belə xoşbəxtlik düşə bilər.

Cəlil Məmmədquluzadə
yazıçı-dramaturq

***

Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyarətgah qədər əziz olan yurd yeridir. Çünki dünyanın bu füsunkar guşəsi bütün tarixi dövrlərdə Azərbaycanın cənnəti olan Qarabağın sinəsində ona həyat verən bir ürək kimi döyünmüş, aranlı-yaylaqlı bütün Qarabağın mərkəzi olmuşdur.

Yaqub Mahmudov,
Akademik

***

Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdı. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.

Üzeyir Hacıbəyov
Azərbaycan bəstəkarı

***

Şuşada bir gül bitir. Adına Xarıbülbül deyirlər. Onu da deyirlər ki, bu güldən ayrı heç yerdə əsər-əlamət tapılmaz. Çünki Xarıbülbül təkcə Şuşa torpağındakı məhəbbətdən cücərir. İlhamın və məhəbbətin Şuşadakı cövhəri ayrı heç yanda olmur və ona görə də Xarıbülbülü harada əkirsən ək, ayrı heç yanda bitmir.

Yaşar Qarayev,
Filologiya elmlər doktoru, professor

***

Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər (Şuşa) təsəvvür ediniz. Bu, mənim şəhərimdir.

Yusif Vəzir Çəmənzəminli,
Dövlət xadimi və yazıçı

***

Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, həmçinin yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşanı əbəs yerə poeziya və musiqinin beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşdur.

Səməd Vurğun,
Xalq şairi

***

Azərbaycanın qədim diyarı Qarabağın baş şəhəri Şuşa səfalı havası, əsrarəngiz təbiəti, milli ənənələri, xalq sənəti dəyərlərini yaşadan istedadlı sənətkarları ilə yanaşı, yeni üsullu məktəbləri, təlim-tərbiyəçilik məharəti ilə seçilən ustad müəllimləri ilə də məşhurdur.

Əjdər Ağayev,
Pedoqoq, professor

***

Şuşa mənim nəzərimdə sevib-sevdirən, coşub-coşduran, yaşayıb-yaşadan canlı bir möcüzədir. Şuşa mənim və mənim xalqımın həyat eşqi, yaşamaq sevgisidir, mənəviyyat bulağı, milli xarakteridir. Şuşanı yalnız Azərbaycanın emblemi adlandıranlar səhv edirlər. Şuşa yer üzündə gözəlliyin, insanlığın, mədəniyyətin, cəsarət və hünərin, mərdlik və qəhrəmanlığın, sənətin, sözün, muğamın, nəhayət, böyük-kiçikliyin, ağsaqqal-ağbirçəkliyin, kişi-qadın davranışının, bir sözlə, yüksək bəşəri mədəniyyətin emblemidir.

Famil Mehdi,
Filologiya elmlər doktoru, professor

***

Şuşanın ab-havası saf və salamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüara vücuda gəlib.

Firidun bəy Köçərli
Ədəbiyyatşünas

***

İtaliya vokal məktəbi Avropa musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqeyi tutur.
Bu vilayətin iqlimi elə gözəldir ki, atlar il boyu otlaya bilir. Yayda dərələr isti olanda onları dağlara aparırlar, orada sərinlik çəkir və gözəl otlar tapırlar. Dağlara dırmanaraq ayaqlarını və dırnaqlalrını gücləndirirlər. Payızda soyuqlar başlayanda onlar yenidən vadilərə qayıdırlar.

Firudin Şuşinski,
Musiqişünas, tədqiqatçı

***

Şuşa! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir ad; nə qədər dilnəvaz və mehriban bir ana-vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, onun adı qarşısında daim diz çökərək “xaki payini” hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır.

Həsən İxfa Əlizadə,
Mollanəsrəddinçi şair, dramaturq, nasir

***

“Qala” adı ilə tanınmış Şuşa özü boyda canlı tariximizdir. Buradakı abidələr isə tariximizin yadigarı və səhifələridir. Şuşa abidələri xalqımızın keçdiyi şanlı və böyük həyat yolundan xəbər verir. Bu abidələrin öyrənilməsi keçmişimizə, torpaqlarımıza olan məhəbbətimizi daha da dərinləşdirir.
Şuşa – dünyaya böyük maddi və mənəvi mədəniyyət bəxş etmiş, Qarabağın bol sərvətə, mülayim iqlimə, zəngin bitki və heyvanlar aləminə malik tacıdır.

Nazim Məmmədov,
Tarix elmləri doktoru

***

Şuşa! Bu ad qəlbimdə o qədər şirinli-acılı xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin – Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm. Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük, əzəli və ədəbi bir tablo kimi gözlərim önündə durur.

Mustafa Çəmənli,
Əməkdar mədəniyyət işçisi

***

Şuşada musiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər.

V.Vinoqradov,
Şərq musiqisinin məşhur tədqiqatçısı

***

Şuşanın əsl sərvətləri onun zirzəmilərində və ya dükanlarında kilidli deyil, onlar sizə təmənnasız təklif olunur, xəstə sinənizi sağaldır, yorğun başınızı dincəldir; bu zənginlik onun mülayim-sərin iqliminin havasıdır –təmiz və yeni.
Şuşada yerli əl işi olan əla xalçalar tapmaq olar, hansı ki, naxışlar, rənglər, keyfiyyət cəhətdən fars xalılarından geri qalmır. Hətta yerli sakinlərin fikrincə Şuşa xalçaları Xorasan xalılarından daha üstündür. Siz onların Tiflis karvansaralarında fars xalçası adı ilə asanlıqla satıldığını görə bilərsiniz.

İvan Slivitski
XIX əsr rus jurnalisti
“Kavkaz”qəzetinin redaktoru

***

Şuşada Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir.

Robert Burter
İngilis səyyahı

***

Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır…

İvan Drozdov
Rus yazıçı və şairi

***

Son illər mən Qafqazın ən yaxşı istirahət mərkəzlərində dincəlmişəm. Ancaq Şuşa kimi gözəl yer görməmişəm. Mən Şuşanın havasına valeh olmuşam. Mən uca dağlar arasında yerləşən mənzərli meşə ilə axan İsa bulağının və Turşsu bulağının gözəlliyinə valeh oldum. Cıdır düzünün gözəlliyini isə təsvir etmək mümkün deyil. Topxana meşəsinin bülbüllərinin cəh-cəhini eşitmək və təmiz havadan ləzzət almaq nə böyük xoşbəxtlikdir.

A.Şaxov
rus jurnalist və publisist

****

Şuşa Qarabağ xanlığının kifayət qədər möhkəmləndirilmiş əsas şəhəridir. Onu iki tərəfdən hündür şiş qayalar, digər iki tərəfdən isə qala divarları əhatə edir. Şuşa mənim gəzdiyim digər Qafqaz şəhərlərindən kəskin fərqlənir. İrəvan, Naxçıvan və Yelizavetpol özündə şərq izlərini daşıyır… Şuşa bu şəhərlərlə tamamilə ziddiyyət təşkil edir. Onun evləri düzgündür, gözəldir, hündürdür və qəşəng, çoxsaylı pəncərələrlə işıqlandırılmışdır. Şəhər qayalardan yonulmuş daşlardan tikilmişdir. Hər yerdə küçələr enli plitələrlə  döşənmişdir, evlərin damları avropa üslubunda taxtadan hazırlanmışdır.

Vasiliy Verşaqin
Rus rəssamı

***

Şuşa Azərbaycanın gözəl guşələrindən biridir.

Serqo Orcanikidze
Gürcü siyasi xadimi

***

Şuşada vərəmin müxtəlif formalarının müalicəsi müsbət nəticə verdi. Bu şəhər qan azlığı olan insanların müalicəsi, malyariya (xüsusilə xroniki malyariya) uşaqlarda göy öskürəyin müalicəsi, həmçinin plevriti olan, yorğunluğa meyilli və bir sıra digər xəstəliklərin daşıyıcısı olan insanlar üçün əlverişli yerdir.

İlya Yeqorov
Tibb elmləri doktoru, professor

***

“Azərbaycanın emblemi” adlandırılan Şuşa həm də yer üzünün “gözəllik sərgisi”, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Analoqu olmayan səslər muzeyidir. Vaxtilə dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar bu şəhər haqqında yazanda mütləq onu yer üzününn “canlı muzeyi” adlandırırdılar.

Flora Xəlilzadə,
Əməkdar jurnalist

***

Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır.

Anar
Xalq yazıçısı

***

Əgər oxumursansa, deməli, şuşalı deyilsən.

Segey Yesenin
Rus şairi

***

Harda dağ görürəm gözlərim önündə Şuşanın dağları gəlib dayanır.

Şıxəli Qurbanov
Azərbaycan yazıçısı

***

Şuşa Qarabağ bəylərinin yuvası sayılır. Zaqafqaziya quberniyasının bəylərinin hamısı olmasa da əsas varlı hissəsi burada məskunlaşıb.

İ.Seqal
Rus tarixçisi

Səyyarə Məmmədova
AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri