Azərbaycanda bu halda fövqəladə vəziyyət tətbiq edilməyəcək

Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qanun adı dəyişdirilir və bundan sonra “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” adlanacaq.

Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir. Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər də müəyyənləşir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, digər normativ hüquqi aktlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin taxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət etməli, onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməli və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım göstərməlidirlər.

Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq hüququ var. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.