ADAU-da elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Zafertv.az xəbər verir ki, Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. O deyib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

Sonra çıxış edən ADAU-nun İctimai elmlər və sosial fənnlər kafedrasının müdiri Azad Bayramov və müəllim Çinarə Səfərova mövzu ətrafında çıxışlar ediblər.