Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Dünyaya Günəş kimi doğan, tarixi Zəfəri ilə dünəninin, bu gününün və gələcəyinin təqdimatını edən Azərbaycanın hər günü üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşadan etdi. İmzalanan hər bir sənədin, edilən müraciətin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin məkanı hər zaman xüsusi önəm kəsb edir. Dövlət başçısı qeyd olunan müraciəti məhz Şuşadan etdi.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.

Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını atan Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır.Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Heydər Əliyev rəhbəri olduğu ölkəmizin bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə xalqının yanında olmuşdur. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, -deyib şərəfli bir missiya ilə meydana atılan Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.

Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi.

Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. 44 günlük Vətən müharibəsi milyonların arzusunu, istəyini gerçəkləşdirdi, gözəl Qarabağımızı, onun baş tacı olan Şuşanı özümüzə qaytardı. Cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik səriştəsi, əsgər və zabitlərimizin şücaəti, məğrurluğu sayəsində tarixi Zəfər qazandıq. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan təmizləndi. Uzun illər ərzində biz Şuşanın işğal altında qalması ilə barışmadıq, səbrlə, inadla ora mütləq qayıdacağımıza inandıq. Bu xoşbəxtliyi isə qəlbi Şuşa ilə döyünən Azərbaycan xalqına ata vəsiyyətini yerinə yetirən Müzəffər Liderimiz İlham Əliyev bəxş etdi. Ali Baş Komandanın bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən igid əsgər və zabitlərimiz dünyaya bir möcüzə göstərdilər, inanılmazı mümkün etdilər, qayalardan cırmaq-cırmaq dırmaşaraq, cığırlardan dizin-dizin sürünərək Şuşaya daxil oldular və şəhəri erməni vandallarından azad etdilər. Şuşanın azad edilməsi ilə 44 günlük müharibənin taleyi həll olundu, desək, yanılmarıq. Məhz buradakı məğlubiyyətdən sonra dizi bükülən, beli sındırılan düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir. Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik şəhər olub. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” sözləri böyük əhəmiyyətə malikdir. 2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir:” Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ordumuz gözəl Qarabağın tacı sayılan bu tarixi şəhəri özünəlayiq misilsiz bir qəhrəmanlıqla–əlbəyaxa döyüşlə aldı.Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir.Ümummilli Lider Heydər Əliyev demişdir:”Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Artıq işğal altında olan torpaqlarımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

İki il yarım bir müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Ulu öndərin “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə – XX əsrin son onilliyində isə ümummilli liderin qoyub getdiyi inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Bu mənzərə onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.

Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bugünü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır. Ən yüksək dəyəri və qiyməti də, məncə, Heydər Əliyev özü hələ sağlığında “Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam” deməsi ilə vermişdi. Azərbaycan isə həmişə var olacaq, ulu öndər də qəlblərdə qurduğu taxt tac ilə həmişə yaşayacaqdır!

Ulu öndər Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bu günü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır. Bu müstəsna fəaliyyətə ən yüksək dəyəri və qiyməti də, məncə, Heydər Əliyev özü hələ sağlığında, “Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam”, deməsi ilə vermişdir. Bəli, Azərbaycan həmişə var olacaq, ulu öndər də qəlblərdə qurduğu əbədilik taxt- tacı ilə həmişə yaşayacaqdır!

Bu günkü Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

Dövlət başçısı İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində Şuşaya səfəri Onun əlamətdar günləri xalqla birgə keçirməsi ənənəsinin davamıdır: “Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq ölkə Prezidentinin bütün tarixi günlərdə, bayramlarda işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, müraciətini məhz bu məkanlardan etməkdən qürur hissi keçirdiyini görürük. Hər bir müraciət özündə Azərbaycanın dünənindən bu gününə və gələcək hədəflərinə bir baxış, zəngin mənbədir. Ümummilli Lider Heydər Əliyevin canından artıq sevdiyi dövləti, xalqı son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.”

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Heydər Əliyev bu gün cismən bizimlə olmasa da, onun Azərbaycanımız, xalqımız üçün gördüyü işlər yüksək zirvə kimi gözümüzün önündədir. Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri