Türkiyəyə qaçan məşhur narkobaron SEPAH-a işləyir

İnsan oğurluğu və narkotik ticarəti ilə məşğul olan Naci Şərifi Zindəşti SEPAH rəsmilərinin köməyi ilə İranın narkotik bazarında bir nömrəli oyunçuya çevrilib. İranda narkotik ittihamı ilə həyata keçirilən edamlar SEPAH-ın daxilində narkotik alverinə dəstək verən quldur dəstələrinin artmasının acı nəticəsidir.

Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi Rza Bəylər SEPAH-ın Naci Şərifi Zindəşti ilə əlaqələrinin ifşa olunması ilə bağlı yayılan xəbərlərdən danışarkən deyib.

O bildirib ki, kürd əsilli narkobaran ilə molla rejiminin işbirliyi çoxdan məlumdur:

“Kürd əsilli narkobaran kimi tanınan Zindəşti bir zamanlar İranda həbsdə idi. Zindandan qaçmağı bacardı və indi Türkiyədə yaşadığı deyilir. Özünə mafiya yaradıb. Narkotik maddələrin ticarəti və qaçaqçılığı ilə məşğuldur. Əməkdaşları və güclü əlaqələri vasitəsi ilə İran hökuməti ilə təmas yaradaraq, onların müəyyən tapşırıqlarını yerinə yetirdi. Avropa və Türkiyədə yaşayan iranlı siyasi fəalları oğurlayaraq geri, hökumətə təhvil verirdilər. Zindəşti ötən illərdə müxaliflərə qarşı sui-qəsdlərdə və onların oğurlanmasında İranın yüksək vəzifəli rəsmiləri ilə əməkdaşlıq etdiyinə görə hökumətin etibarını qazanıb. 2 il öncədən onlarla sıx əməkdaşlığa başlayıb. Türkiyədə dəfələrlə yaxalansa da, İran hökumətinin dəstəyi ilə sərbəst buraxıldı. Zindəşti yüksək vəzifəlilərə rüşvət verməklə yanaşı, davamlı olaraq onları tiryək və heroinlə təmin edir. Bir neçəsi narkotik maddələrinin ticarəti üzrə Zindəşti ilə əməkdaşlıq edir və Tehranın narkotik bazarında onun fəaliyyətinə göz yumurlar”.

Rza Bəylər İranın narkotik bazarında Zindəştinin böyük paya sahib olduğunu diqqətə çatdırıb:

“Hər gün 12 milyon əhalisi olan Tehran kimi şəhərdə tonlarla narkotik maddə istifadə olunur. Zindəştinin satış payı digərlərindən daha çoxdur və SEPAH bu işdə onların yaxın dəstəkçisidir. Tehranın narkotik bazarında satılan maddələrin 35 faizi, İran üzrə isə narkotik qaçaqmalçılığının 20 faizi Zindəştiyə məxsusdur“.

Ekspertin sözlərinə görə, Zindəşti və onun əlaltıları SEPAH-ın dəstəyi ilə Avropa bazarlarına gizli yolla narkotik qaçaqmalçılığı həyata keçirir:

“Zindəşti və onun əlaltıları Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistanda narkotik satışına nəzarət edir. Böyük bir mafiyadır. Mafiyalar arasında özünə böyük dəstək qazanıb. “Kəsif pul” adı altında 3 istiqamət üzrə – Əfqanıstan-İran-Türkiyə və Avropa, Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan və Avropa, İran- Ermənistan-Rusiya və Şərqi Avropa maşrutu – narkotik maddələrin daşınmasını həyata keçirir”.