“İsrail Prezidentinin ölkəmizə səfəri ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığının real göstəricisidir”

Azərbaycan hazırda dünyanın bir çox ölkələri ilə ikitərəfli əlaqələri sürətlə genişləndirir. Bu ölkələr arasında İsrail Dövləti ilə münasibətlərimiz xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-İsrail əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında hər iki tərəf üçün faydalı olan sıx əməkdaşlıq mövcuddur.

İsrail-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə çatması digər müsəlman ölkələri üçün də müsbət örnək rolunu oynaya bilər. Bəli, bu gün Azərbaycan-İsrail münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq durmadan genişlənir. Məhz bunun nəticəsidir ki, Azərbaycan hal-hazırda Cənubi Qafqaz regionunda və müsəlman dünyasında İsrailin əsas strateji tərəfdaşı hesab olunur.

Dövlət başçılarının dostluq münasibətləri və səfərləri də heç şübhəsiz ki, iki ölkə münasibətlərinin inkişafına xüsusi təkan verir. İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Mayın 30-31-ni əhatə edən iki günlük səfərdə cənab Hersoqu 40 nəfərdən çox geniş nümayəndə heyəti müşayiət edir. Bu da səfər zamanı ilk növbədə iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin yeni konturlarının cızılacağını göstərir. Odur ki, yeni sazişlərin imzalanması da gözləniləndir.

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşündə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyib. Bu gün xalqlarımızı ümumi tarixi-mədəni dəyərlər birləşdirdiyi kimi ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı siyasi və iqtisadi maraqların da mühüm rol oynaması danılmaz faktdır. Azərbaycan və İsrail son illərdə ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə çoxlu birgə işlərə, meqa-layihələrə imza atıb. Və hazırda da İsrail Azərbaycanla hərbi sənaye, tibbbi avadanlıqlar, kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, “ağıllı” şəhərlər, yaşıl enerji, infrastruktur və s. sahələr üzrə əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. Bunun üçün həm böyük potensial mövcuddur, həm də Azərbaycan ilə İsrail bu istiqamətlər üzrə artıq geniş əməkdaşlıq təcrübəsinə malikdir.

Belə ki, ölkələrimiz arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Bu gün Azərbaycanda bir çox İsrail şirkətləri fəaliyyət göstərir. İki ölkənin şirkətləri və əlaqədar dövlət qurumları arasında münasibətlər daim artan dinamika üzrə inkişaf edib. Bir çox İsrail şirkətləri Azərbaycanda müxtəlif sahələrə, xüsusən də səhiyyə, neft sənayesi, xidmət sektoruna sərmayə yatırıb. Ticarət əlaqələrimiz də gün-gündən genişlənməkdədir. Bəzi iqtisadi göstəricilər hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir. Bu çox mühüm göstəricidir və bu rəqəm qarşıdakı illərdə getdikcə daha da artacaq.

Bir-birini bütün sahələrdə özü üçün etibarlı tərəfdaş kimi görən İsrail və Azərbaycan arasında münasibətlər bu il Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından sonra daha da möhkəmlənib. Prezident İlham Əliyevin də İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında vurğuladığı kimi bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq.

İsrail Prezidentinin ölkəmizə səfəri eyni zamanda hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığının real göstəricisidir. Bu baxımdan, İsrail prezidentinin Azərbaycana səfərini dövlət başçımızın tarixi səfər kimi qiymətləndirməsi heç də təsadüfi deyil. Elə İsrail mediası da Azərbaycana iki günlük səfəri vacib tarixi səfər kimi təqdim edir. İsrail kimi güclü bir ölkənin siyasi dəstəyi Azərbaycan üçün həqiqətən də olduqca əhəmiyyətlidir. İranı və erməniləri ən çox qıcıqlandıran amillərdən biri də məhz budur. Lakin məkrli qonşularımızın mövqeyindən asılı olmayaraq Azərbaycan və İsrail xalqlarının münasibətlərinin dərin tarixi kökləri var. İsrail Prezidenti İshaq Hersoqun da mətbuat konfransında vurğuladığı kimi millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı müsbətə doğru necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri