Etibarlı əməkdaşlıq əlaqələri

Mayın 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib. İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var.

Cəmi iki gün davam edən səfər məhsuldarlığı və sıx qrafiki ilə diqqət çəkdi. Belə ki, səfər çərçivəsində liderlərin təkbətək və geniş tərkibli görüşləri, mətbuata bəyanatlarla çıxışları ilə yanaşı ali qonağın İçərişəhər gəzintisi, Azərbaycandakı yəhudi icmaları ilə görüşü, xanım Mixal Hersoqanın Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ziyarəti səfərin rəngarəngliyinə işarədir.

Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirib. Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqətçəkirdi.

Qeyd edilməlidir ki, bu il martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu. Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etmişdi.

Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

O da qeyd olunmalıdır ki, Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi – mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlərdir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Tariximizin ən böyük sınağı olan Birinci və İkinci Qarabağ müharibələrində də yəhudilər ölkəmizin – ölkələrinin ərazi bütövlüyü üçün canlarından keçməyə çəkinməmişlər. Bu mənada, xüsusilə əslən yəhudi olan və Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanmış və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Albert Aqarunovu vurğulamadan keçmək mümkün deyil. Məhz Albert Aqarunov iki xalqın, dövlətin münasibətlərinin hansı səviyyədə olduğunun ən parlaq nümunəsidir. Eyni şəkildə, İkinci Qarabağ müharibəsi dövründə də yəhudi əsilli vətəndaşlarımız Qarabağımızın əsarətinin sona çatması, ərazi bütövlüyümüzün bərpa olunması üçün cəbhəyə yollanmaqdan çəkinməmişdir. 44 günlük müharibə dövründə İsrail dövləti də haqq yolunda ölkəmizə güclü və birmənalı dəstək nümayiş etdirdi. Bütün bunlar deməyə əsas verir ki, iki ölkəni gözəl dostluq münasibətləri birləşdirir.

Prezidentlərin görüşü zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Ümid edirik ki, bu sənəd səhiyyə sahəsində nailiyyətlər əldə edən İsraillə ölkəmizin tibb sahəsindəki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaqdır.

Prezidentlərin görüşü zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Ümid edirik ki, bu sənəd səhiyyə sahəsində nailiyyətlər əldə edən İsraillə ölkəmizin tibb sahəsindəki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaqdır.

Güntəkin Sabir qızı
147 saylı texniki humanitar liseyin tarix müəllimi