Müharibə Rusiyaya daşınır, yoxsa bu, Kreml planıdır?

Rusiya qələbə qazanmaq istəyirsə, müharibəni riskli hala gətirmədən Donbasda və Krımda yekunlaşdırmalıdır. Müharibənin Rusiya ərazisinə keçməsi Rusiyanın bir təhdidlə qarşı-qarşıya gəlməsi deməkdir. Döyüşlərin assimetrik formaya keçməsinin, Belqorod və ölkənin qəlbi olan Moskvaya PUA hücumlarının xüsusi bir mənası var.

Bu sözləri Axar.az-a Rusiya ərazisinə edilən hücumlar haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert hücumla bağlı bir çox ehtimalların olmasından danışıb:

“Əlbəttə, bu müharibənin axarında bəlkə də normal qəbul edilə bilər. Yəni Ukraynada müharibə aparılırsa, qarşı tərəfin də adekvat cavab verməsi, Rusiyaya zərbə endirməsi mümkündür. Lakin əvvəllər belə hallar az-az baş verirdisə, indi sıxlaşıb. Bu bizə daha önəmli həmlələrin olacağından xəbər verir. Yəni mütənasib, assimetrik səbəblər ola, yaxud da kimlərsə sözügedən hücumla baş qatıb hansısa başqa məqsədləri həyata keçirməyə çalışa bilər. Ortada Kosovadakı hadisələrə bənzəyən mənzərə var. Kosovadakı serb etnik azlığının keçirilən seçkiləri boykot etməsi nəticəsində oradakı albanlar qələbə qazandılar və nəticədə lazımi addımlar atmağa başladılar, vəziyyət dərhal qarışdı. Prosesləri doğru oxumaq üçün isə “Boykotun arxasında kim var və yola daşı kim döşədi?” sualını verməliyik. Belqorodda da yaşananların Rusiya tərəfindən assimetrik şəkildə həyata keçirilməsi, yaxud rəsmi Moskvanı başqa müstəviyə çəkmək məqsədi güdən birbaşa hücum olması da mümkündür. Rusiyanın Ukraynada etdiklərinə Ukrayna da özünə bağlı ruslardan istifadə edərək cavab verə bilər. Çünki sahədə kəşfiyyat orqanları, paramilitar qüvvələr, Rusiyanın Azadlığı Legionu və s. var. Ehtimallar çoxdur. Hadisəyə çox ehtiyatlı və diqqətli yanaşmaq lazımdır. Çünki edilən hücum Baydenin Ukrayna ilə bağlı dediklərinə ziddir. ABŞ prezidenti F-16 qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı onların Rusiya hava sahəsində istifadə olunmayacağına əminliyini ifadə edir. Lakin ortada başqa mənzərə var və müharibənin fərqli müstəvi, qat və formaya keçdiyini göstərir. Hücumu planlaşdıranlar və səhnələşdirənlər bəlli olduğu halda konkret məqsəd haqqında nəsə demək olar. Hələlik isə onlar tam bəlli deyil”.