Bu gün paytaxtımızın qurtuluş günüdür

Bu gün paytaxtımızın erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının növbəti ildönümüdür. Bakının azad edilməsinin və Cümhuriyyətimizin paytaxtına çevrilməsinin 105-ci ili tamam olur. 15 Sentyabr – Bakının Qurtuluş günü münasibətilə bütün soydaşlarımızı təbrik edirik.

Belə bir şərəfli günün tariximizdə yer almasında Azərbaycan Könüllüləri ilə yanaşı, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rol oynadığını xüsusilə qeyd etməliyik. Bəli, 15 sentyabr 1918-ci il Zəfər tarixinin yazılması bilavasitə Qafqaz İslam Ordusunun adıyla bağlıdır. Bu ordu Bakının daşnak-bolşevik quldur dəstələrindən azad edilməsində həqiqətən də böyük şücaətlər göstərib. Yüzlərlə türk əsgəri bizim uğrumuzda şəhid olaraq öz şəhadətləri ilə Bakının azad olunduğu günü yaxınlaşdırıb. Məhz bu baxımdan 15 Sentyabr qardaşın qardaşa kömək etdiyi gün, gücümüzə güc qatdığı gün və düşmənə yerini göstərdiyi gündür.
Bu gün eyni zamanda həmrəylik, birlik günüdür – qardaşların həmrəylik günü!

Bizim birliyimiz, həmrəyliyimiz ilk dəfə məhz 15 sentyabr 1918-ci ildə sınaqdan çıxıb. Aradan düz 102 il keçəndən sonra, Azərbaycan-Türkiyə həmrəyliyi 44 günlük İkinci Qarabağ savaşında növbəti dəfə müvəffəqiyyətlə sınaqdan çıxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında liderlərimizin möhkəm dostluğu və qardaşlığı da birliyimizin, həmrəyliyimizin qalibiyyətində mühüm rol oynadı.

15 Sentyabr – Bakının Qurtuluş günü olmaqla bərabər, həm də Azərbaycan paytaxtı kimi şərəfli statusu qazandığı gündür. Bu baxımdan, Bakının azad edilməsinin böyük siyasi əhəmiyyəti vardı. Bakının azad edilməsi hadisəsi milli bütünləşmə hadisəsi idi. Həmin gün milli hökumətin Gəncədən Bakıya köçməsi ilə Azərbaycanın quzeyi həqiqətən də bütövləşdi. Əks halda, Azərbaycan Bakısız yarımçıq bir dövlət olardı. Həmin vaxt hər kəs başa düşürdü ki, Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil. Qardaş türk ordusunun köməyimizə yetişməsi ilə Bakı yenidən Azərbaycana qovuşdu.

Biz bu qardaşlıq dəstəyini unutmuruq və heç vaxt unutmayacayıq. 1918-ci il sentyabrın 15-də Bakının erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş Nuru Paşanı və Qafqaz İslam Ordusunu hər zaman sayğı və rəhmətlə anırıq. Azərbaycanımız uğrunda, paytaxtımız uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhlarına uca Allahdan rəhmət diləyirik.

Biz bir millət, iki dövlət olaraq bundan sonra da hər zaman bir-birimizin yanında olacayıq!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri