ABŞ hegemonluq siyasətindən əl çəkmək istəmir

ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşünün keçirilməsi adı altında ölkəmizdəki amerikan agentura şəbəkəsinin toplaşmasının qarşısının alınması təhlükəsizlik orqanlarımızın sərvaxtlığının və peşəkar fəaliyyətinin nəticəsidir. Bu hadisə son vaxtlar Fransa ilə əlbir olaraq açıq şəkildə anti-Azərbaycan siyasəti yürüdən Birləşmiş Ştatlar hökumətini sözsüz ki, daha da qıcıqlandıracaq. Ancaq Ağ Evə tövsiyyə edərdik ki, Azərbaycanın işlərinə burun soxmaqdansa, himayə etdiyi Ermənistanı sülhə təhrik etsin.

Təəssüflər olsun ki, ABŞ hegemonluq siyasətindən əl çəkmək istəmir və dünyanın müxtəlif ölkələrində agentura şəbəkələri yaradaraq öz təsir dairəsini genişləndirməyə, bu və ya digər ölkənin hökumət strukturlarına, siyasi elitasına, ictimai təşkilatlarına sızmağa çalışır. USAİD, NED, Amerika Təhsil Şurası, NDİ, Soros Fondu kimi çeşidli qurumların Cənubi Qafqazda “Amerika heyranları”nın sayını artırmaq üçün Ermənistanda və Gürcüstanda müxtəlif layihələr və proqramları həyata keçirmələri hamımıza yaxşı məlumdur. Onlar Azərbaycanda analoji fəaliyyətləri təşkil etməyə can atırlar.

Lakin Azərbaycanın müstəqil siyasət yürütməsi ABŞ-ın müxtəlif fondlar və agentliklər vasitəsilə Azərbaycanda məkrli planlarını həyata keçirməsinin qarşısını alır. Amerikada təhsil almış azərbaycanlı gənclərin bəzilərinin ABŞ-ın casus şəbəkəsinin toruna düşməsi, əlbəttə, hər birimizdə dərin təəssüf hissi doğurur. Lakin ümid edirik ki, “Demokratiya”, “Sülh” şüarları altında ABŞ-ın maraqlarına xidmət edənləri vaxtında deşifrə etmək və neytrallaşdırmaq mümkün olacaq. ABŞ isə “Soyuq müharibə” dönəminin təfəkküründən əl çəkib “casus oyunları”na, bu və ya digər ölkələrdə öz əlaltıları vasitəsilə təxribatlar törətmək taktikasına son qoymalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri