Xankəndidə xəstəxanada partlayıcı qurğular aşkarlandı

Antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdəki mərkəzi rayon xəstəxanalarında improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.

Zafer Tv xəbər verir ki, bunu Report-a müsahibəsində ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov deyib.

O bildirib ki, Xocavənd, Xocalı və Xankəndi rayonlarında tərk edilmiş evlərin və həyətyanı ərazilərin girişində, təsərrüfat tikilisində, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə, binaların zirzəmisində də improvizə edilmiş partlayıcı qurğular tapılıb.

Əməliyyat rəhbəri vurğulayıb ki, onlar fəaliyyətləri çərçivəsində həyətyanı sahəni, yolları, evlərin zirzəmisini, damı və sair tamamilə yoxlayırlar:

“Dağdağan kəndində baxış keçirərkən evlərin zirzəmilərində hətta həmin qurğuların hazırlandığı yeri də aşkarladıq. Digər kustar üsulla hazırlanmış bombacıqlar tapmışıq ki, onlar dronlar vasitəsi ilə ərazilərimizə atılırdı”.