İsrail ordusu xəstəxanada 20-yə yaxın HƏMAS üzvünü tutub

İsrail hərbçiləri Qəzza zolağının Xan-Yunis şəhərindəki Əl-Əmal xəstəxanasında 20-yə yaxın fələstinli radikalı saxlayıb.

“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu həftənin əvvəlində Baş Təhlükəsizlik Xidmətinin və Kəşfiyyat İdarəsinin məlumatları əsasında “Givati” ​​Briqadasının döyüş dəstəsi, 13-cü flotiliyanın (“Şayetet 13”, İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi – red.) və əlavə xüsusi qüvvələr Xan Yunusdakı Əl-Əmal xəstəxanasının içərisində gizlənən terrorçuların saxlanılması üçün operativ tədbirlər həyata keçirib. Əməliyyat zamanı İsrail qüvvələri xəstəxanada gizlənən, o cümlədən HƏMAS terror təşkilatının üzvləri də daxil olmaqla, 20-yə yaxın terrorçunu saxlayıb”, – məlumatda bildirilib.

Hərbçilərin sözlərinə görə, saxlanılan şəxslər əlavə araşdırma üçün İsrailə göndəriliblər.