Qusarda gənclər arasında “Biləndər” adlı intellektual turnir keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Qusar rayonunda seçim turu keçirlib.

Rəsmi açılış mərasimində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəzirə Babayeva ştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır.

Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçiriləcək və hər bir zonanın qalibi Quba şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Qusar rayonu Hil kənd tam orta məktəbinin şagird və gənc müəllimlərdən ibarət “Hil” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Qusar rayon Urva kənd tam orta mətəbinin “Urva” və Qusar şəhər 4 nömrəli tam orta məktəbinin “Qafqaz” biliciləri tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.

Qeyd edək ki, layihə çərçivəsində seçim turları başa çatdıqdan sonra Quba rayonunda final mərhələsinin oyunları təşkil olunacaqdır.