Belarusdan nə alırıq və və bu ölkəyə nə satırıq? – Vüqar Bayramovdan İLGİNC şərh

Xəbər verdiyimiz kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdədir.

Mayın 17-də Prezident İlham Əliyev Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.

“Belarus Azərbaycanın haqq işinə dəstək verən dövlətlərdən olub. İki ölkə arasında möhkəm strateji əməkdaşlıq formalaşmışdır”.

Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib. O, qeyd edib ki, son iki ildə ölkələr arasındakı ticarət dövriyyəsində xüsusi dəyişiklik baş verməsə də 2020-ci illə müqayisədə ötən il dövriyyə 13 faizə yaxın artaraq 356.5 milyon dollar olub:

Vüqar_Bayramov.jpg (62 KB)

“2022-ci ildə bu rəqəm 363.6 milyon dollar idi. Hədəf ticarət dövriyyəsini yaxın illərdə 1 milyard dollara çatdırmaqdır. Bəs, Belarusdan nə alırıq və və bu ölkəyə nə satırıq? 2023-cü ildə İki ölkə arasında 741 adda (kodlu) mal idxal və ixrac olunub. Belarusdan aldıqlarımıza gəldikdə isə, 89.4 milyon dollarlıq meşə materialları, şam ağacı, 20.4 milyon dollarlıq mühərrik benzinləri, 16.1 milyon dollar dəyərində sərnişin vaqonları, baqaj və poçt vaqonları, 13.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar, 11.6 milyon dollar dəyərində kartof, 10.7 milyon dollarlıq ağac plitələr, 10.1 milyon dollarlıq dəmiryol və tramvay sərnişin və yük vaqonları, açıq platformalar, 8.7 milyon dollarlıq ağac fanerləri, 8.5 milyon dollar dəyərində ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 7.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar (təkoxlu traktorlar istisna olmaqla) və meşə təsərrüfatı üçün təkərli traktorlar, 6.2 milyon dollarlıq dərman vasitələri, 5.4 milyon dollarlıq kərə yağı, 5.4 milyon dollarlıq ağacdan orta sıxlığı olan, 9 mm-dən çox olan qalınlıqda ağaclifli plitələr (MDF) və s. mallar alırıq.

İdxaldan fərqli olaraq Belarusa ixrac etdiyimiz malların çeşidi çox deyildir. Belə ki, ötən il Belarusa 5.6 milyon dollarlıq ilkin formalı propilen sopolimerləri, 3.7 milyon dollarlıq 1000 V-dan çox gərginlik üçün elektrik naqilləri, 1.8 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 1.6 milyon dollarlıq xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, 1.4 milyon dollarlıq ev toyuqlarının hissələrə ayrılmış əti, 1.4 milyon dollarlıq konservləşdirilmiş qoz və fındıqlar, 1.3 milyon dollar dəyərində spirtli içkilər və digər məhsullar göndərmişik”.

Vüqar Bayramov həmçinin qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması potensialı kifayət qədər yüksəkdir.

“Belarus Prezidentinin son səfəri tərəflər arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhvə verəcək”, deyə millət vəkili vurğulayıb.(musavat.com)