Bu şəxsə yüksək VƏZİFƏ VERİLDİ

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Mustafa Abbasbəyli gətirilib.

Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001-2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.Abbasbəyli 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

Xatırladaq ki, M.Abbasbəyli bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bundan əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov olub. O, Prezident İlham Əliyevin 2024-cü il yanvarın 29-da imzaladığı sərəncamla Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə sədr təyin edilib.//report.az