“Biz, MHP-çi gənclərin həm siyasi proseslərdə fəal iştirak edəcəyinə, həm də Vətənə xidmət işində böyük uğurlara imza atacaqlarına inanırıq”

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov partiyanın gənclər təşkilatının fəaliyyəti barədə Mhp.az saytına müsahibə verib.

– Partiyanın gənclər təşkilatında nə qədər üzv var?

– Sədri olduğum partiyanın Gənclər Təşkilatının sıralarında hazırda 3 minə yaxın gənc fəal birləşib. Ümumən isə, Milli Həmrəylik Partiyasının (MHP) müxtəlif strukturlarında gənclər təmsil olunurlar. Və bu gün MHP üzvü olan hər bir gənc hesab edirəm ki, ideoloji-siyasi cəhətdən tam hazırlıqlıdır, yetkindir. Onlar təkcə üzv olduqları partiya qarşısında deyil, həm də bütövlükdə Vətən qarşısında öz məsuliyyətlərini dərk edir, daima öz üzərlərində işləyir və cəmiyyətdə layiqli yer tutmağa çalışırlar. 

Hazırda MHP Gənclər Təşkilatının əsas işi ölkə boyu təşkilatlanmaqdır. Daha doğrusu, söhbət yenidən təşkilatlanmaqdan gedir. Bildiyiniz kimi bizim partiyamız əvvəllər başqa ad altında fəaliyyət göstərirdi. Ancaq biz keçən il qurultay keçirdik və partiyamızın adını dəyişdik. Eyni zamanda partiyamızda bəzi struktur dəyişiklikləri də həyata keçirdik. Odur ki, yenidən təşkilatlanma da zərurətə çevrildi. Artıq 1 ilə yaxındır ki, Milli Həmrəylik Partiyası olaraq fəaliyyət göstəririk. Gənc üzvlərimiz də yenidən təşkilatlanma  prosesində fəal surətdə iştirak edirlər. 

MHP-çi gənclərin ilk ümdə vəzifəsi öz həmyaşıdları arasında milli-mənəvi dəyərlərin təbliği işini aparmaq və ölkə gəncləri arasında milli həmrəyliyin formalaşdırılması istiqamətində maarifləndirmə işinə töhfə verməkdir. Gənclərimiz milli həmrəylik, Bütöv Azərbaycançılıq ideyaları ilə bərabər insan haqları, seçkilər, gender məsələləri, milli tarix, şəhidlər və s. mövzularda da davamlı tədbirlər təşkil edir, görüşlər keçirir, vətənpərvərliyin təbliği üzrə layihələr gerçəkləşdirirlər. Hər həftənin şənbə günləri isə partiyamızın mənzil-qəragahında gənclər üçün debat təşkil olunur, geniş fikir mübadiləsi aparılır. Bu debatlar gənclərimiz üçün həm də bir növ siyasət məktəbi rolunu oynamaqdadır. 

– Bəs gənc siyasətçilər mətbuatda nə üçün az-az görünürlər?

– Müşahidənizlə qismən razıyam. Bəli, bu danılmaz bir həqiqətdir ki, bu gün mətbuatda əsas etibarilə partiya sədrlərinin özləri çıxış edirlər. Ancaq bu ənənənin, yazılmamış qaydanın əsasını biz sədrlər özümüz qoymamışıq ki. Bunun bir sıra obyektiv-subyektiv səbəbləri var. Əsas səbəblərdən biri isə budur ki, ölkənin siyasi vitrini belə formalaşıb. Yəni siyasi vitrində yalnız sədrlər təmsil olunurlar. Bəzi məqamlarda isə sədr müavinlərini də görmək olur. Bu vitrini isə bir çox hallarda cəmiyyətin tələbi (marağı) və medianın təklifi, təqdimatı formalaşdırır. Başqa sözlə desək, cəmiyyətimiz bu gün gənc siyasi fəallara, partiyaların gənclər təşkilatlarında cəmlənmiş gələcəyin siyasətçilərinə deyil, daha çox hazırkı  partiya sədrlərinə maraq göstərir. KİV-lər də məhz cəmiyyətin bu marağını əsas götürərək, partiya sədrlərinin açıqlamalarına, müsahibələrinə üstünlük verirlər. Ona görə də bu gün hansı kanalın efirinə baxsaq, orda məhz partiya sədrlərini, millət vəkillərini görərik. Gənc liderlər isə istər-istəməz biraz arxa planda qalmalı olurlar. Lakin sosial sifariş dəyişərsə, siyasi partiyaların gənclik qollarının təmsilçiləri də mətbuata, efir məkanına ayaq açarlar. Və bu vacibdir. 

– Sizin dünya səviyyəsinə çıxarılacaq, irəli çəkə biləcəyiniz gəncləriniz yoxdurmu ki, dünya mediasına, elə yerli mediaya açıqlama verə bilsin?

​- Niyə yoxdur ki? Əlbəttə, var. Milli Həmrəylik Partiyasının üzvləri arasında istər yerli mediaya, istərsə də dünyanın nüfuzlu KİV-lərinə açıqlama verə biləcək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq performasına sahib olan gənclər də təmsil olunur. Mən istər Qarabağa dair informasiya savaşında, istərsə də digər ümummilli məsələlərdə gənclərimizin fəallıq göstərəcəklərinə əminəm. Bizim borcumuz da əslində bu fəallığı təmin etmək, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmaq və gənclərə Vətənimizin xaricdə təbliği üçün daha geniş meydan verməkdir. 

Hazırda ölkədə yeni tendensiya müşahidə olunur, maraqlı proses gedir. Dövlətin və hakimiyyətin gənclər siyasətində, gənclərə münasibətində kardinal dəyişikliklər hiss olunmaqdadır. Artıq Prezident səviyyəsində startı verilən demokratik açılımlarda və siyasi islahatlarda ilk növbədə gənclər önə çəkilir. Bu isə heç şübhəsiz ki, siyasi partiyaların fəaliyyətində də gənclərin rolunun artmasına stimul yaradacaq. Eləcə də iqtidar-müxalifət dialoqunun dərinləşməsi istiqamətində də siyasi partiyaların gənc fəalları, gənclik təşkilatları öz töhfəsini verə bilər. Biz, MHP-çi gənclərin həm siyasi proseslərdə fəal iştirak edəcəyinə, həm də Vətənə xidmət işində böyük uğurlara imza atacaqlarına inanırıq.