Azərbaycan nümayəndə heyəti artıq Çindədir

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdədir.

Zafertv.az xəbər verir ki, nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin rəhbər şəxsləri daxildir.

Baş nazirin müavini Əli Əhmədov Qış Olimpiya Oyunları ərəfəsində Çin meidasına müsahibəsində Olimpiya Oyunlarının təkcə idman baxımından deyil, həm də sözün daha geniş mənasında dünya miqyaslı böyük hadisə kimi qiymətləndirib. O, Olimpiya Oyunlarının müasir dünyamızda çox ehtiyac duyulan sülh, humanizm və mehriban qonşuluq ideyalarını təbliğ etdiyini deyib.

Çin-Azərbaycan münasibətləri barədə danışan Baş nazirin müavini deyib ki, qarşılıqlı münasibətlərimiz hərtərəfli siyasi dialoq, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq, “Kəmər və yol” qlobal təşəbbüsünün həyata keçirilməsində fəal iştirak ilə səciyyəvidir. Ticari-iqtisadi əlaqələr genişlənir, Çinin bir neçə şəhərində Azərbaycan ticarət evləri fəaliyyətə başlayıb.

Əli Əhmədov humanitar sahədə əməkdaşlığın durmadan inkişaf etdiyini qeyd edərək, Çində Tayhu qlobal mədəniyyət forumunun keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakını qeyd edib.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində və yaxınlıqdakı Canciaokou şəhərində keçiriləcək. Qış Olimpiya Oyunlarında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Yekaterina Ryabovanın yarışı isə fevralın 15-də və 17-də baş tutacaq.