Şimal axını -2 dayandı: Rusiya nələr itirdi?

Rusiyanın Luqansk və Donetsk separatçı qurumlarını tanıması ilə Qərbin sanksiyalarına start verilib.

Axar.az xəbər verir ki, hələlik ilk ciddi sanksiya Şimal Axını-2 kəmərinin lisenziyasının ləğv edilməsidir. Almaniya kansleri Olaf Şolts artıq kəmərə verilən lisenziyanın ləğv edildiyini bildirib.

Şimal Axını-2 kəməri nədir və Rusiya üçün hansı önəm kəsb edirdi?

Hər şeydən öncə bu kəmər Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya nəqli üçün düşünülmüş plan idi. Hazırda Rusiya qazı Ukrayna vasitəsilə Avropaya ötürülür. Ukrayna bu tranzitdən həm ildə 3 milyard dollar gəlir əldə edir, həm də Rusiyaya iqtisadi təzyiq imkanı yaranır.

Rusiya bu gəliri və təzyiq imkanını Ukraynadan almaq üçün Şimal Axını-2 kəmərini inşa etmək qərarı vermişdi.

Şimal Axını-2 Rusiyadan Almaniyaya Baltik dənizi üzərindən 1234 km uzunluğunda olan əsas qaz kəməridir. Qaz kəməri beş ölkənin – Rusiya, Finlandiya, Danimarka İsveçin və Almaniyanın iqtisadi zonalarından və ərazi sularından keçir.

Şimal Axını-2 Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya – Leninqrad vilayətindəki Ust-Luqa limanından Qreyfsvalda qədər ildə ümumi 55 milyard kubmetr qaz nəqletmə imkanı verən iki kəmər xəttinin tikintisini nəzərdə tutur. 2017-cildən bəri layihənin yeganə səhmdarı “Qazprom” şirkətidir. Lakin Fransanın “Engie”, Avstriyanın OMV, İngiltərə və Niderlandın “Şell”, Almaniyanın “Uniper” və “Vinterşell” şirkətləri səhmdar qismində iştirak edir.

Kəmər 2019-cu ilin 4-cü rübündən gec olmayaraq başa çatdırılmalı idi. Lakin kəmərin tikintisi ABŞ sanksiyalarına görə gecikdi.

2017-ci il məlumatına görə, layihə təsisçisi “Qazprom”a 9,5 milyard avroya başa gəlməli idi. Bunun da yarısını Avropa şirkətləri “Engie”, OMV, “Şell”, “Uniper” və “Vinterşell” maliyyələşdirəcəkdi.

Şimal Axını-2-nin sertifikatlaşdırılmasının dayandırılması Rusiyaya yalnız ciddi maddi zərbə vurmadı, həm də Avropanın Rusiya qazından gələcək asılılığını aradan qaldırdı.