Azərbaycanlı deputat Ukraynadakı müharibəyə görə Qərbi İTTİHAM ETDİ

“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Bunun fonunda ölkəmiz Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı kifayət qədər doğru münasibət sərgiləyir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, ölkəmizin mövqeyinə əsasən, tərəflər arasında gərginlik dialoq yolu ilə, dinc vasitələrlə həll edilməlidir:

“Düşünürəm ki, emosional formada tərəflərdən hər hansı birinə qarşı çıxmaq doğru deyil. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı Rusiya ATƏT-in Minsk qrupu üzvləri arasında Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən yeganə ölkə idi.

Ermənistanda Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını israrla müharibəyə cəlb etmək istəyirdi. Lakin Rusiya Prezidenti Vladimir Putin vurğuladı ki, hərbi əməliyyatlar Ermənistanın ərazisində getmədiyinə görə, təşkilatın prosesə qoşulması üçün əsas yoxdur. Bu o deməkdir ki, Putin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dolayısı ilə ifadə etdi.

Tərəflərin burada müharibə dövründə Azərbaycana dəstəyini müqayisə etmək doğru olmasa da, ittihamların əsassızlığını vurğulamalıyıq. Vətən müharibəsi zamanı Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini səsləndirirdi. Lakin Ukrayna tərəfdən hansısa praktiki addım görmədik”.

Hər bir dövlətin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmaz olduğunu vurğulayan E. Mirbəşiroğlu hesab edir ki, indiki halda məsələləri səthi nəzərdən keçirib, fikir yürütmək doğru deyil:

“Fikrimcə, bu müharibə Ukrayna-Rusiya arasında baş vermiş müharibə deyil. Bu, Avropa ilə ABŞ birləşməsi və Rusiya arasında baş vermiş müharibədir. Əslində, SSRİ-nin süqutundan sonra soyuq fazada müharibə var idi, indi isə açıq qarşıdurmaya keçdi. Hər bir ölkənin milli təhlükəsizliyinə hansısa təhdidlər var. Buna qarşı müvafiq addımlar atmaq hüququ BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınır. Mənə görə, baş verənlərin səbəbkarı Qərbdir və postsovet ölkələrində özləri üçün rəqiblərinə qarşı platstarm formalaşdırmağa cəhdlər edir. Son nəticədə açıq hərbi qarşıdurmaların baş verməsini şərtləndirir.

Nəzər almaq lazımdır ki, Qərb uzun müddət idi, belə açıq hərbi qarşıdurmanın baş verəcəyini israrla, əminliklə söyləyirdi. Amma bunun önlənməsi üçün heç bir praktiki addım atmadı. Qərbin laqeydliyi belə qənaətə gəlməyə əsas verir ki, əslində Qərb dairələri müharibənin başlanmasında maraqlı idilər”.

Deputat Azərbaycanın bu məsələ ilə bağlı doğru mövqe sərgilədiyini bir daha vurğulayıb:

“Qeyd etdiyim kimi, bizim mövqeyimiz tərəflərin məsələni danışıqlar müstəvisində həllinə qaytarmasıdır. Biz hər iki ölkə ilə münasibətlərimizin qorunmasını təmin etməkdə maraqlıyıq. Azərbaycan xarici siyasətində sırf öz maraqlarına uyğun addımlar atır və geniş əməkdaşlıq etdiyi ölkələrin maraqlarına da həssas yanaşır. Ona görə, hesab edirəm ki, soyuqqanlıqla yanaşmaq və düzgün diplomatiya aparmaq indiki halda vacibdir”.