“Ermənistan 30 illik işğalı zamanı Azərbaycana məxsus mədəni irsi tamamilə məhv edib”

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti dəfə şahidi olduq. Avropa Parlamentinin sonuncu qətnaməsi həqiqətdən uzaq, saxta, yalan “məlumatlara” əsaslanaraq qəbul edilib”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

ALDP sədrinin sözlərinə görə, Avroparlamentin ölkəmizə qarşı belə qərəzli mövqelərinin bir neçə dəfə şahidi olmuşuq: “Ermənistan 30 illik işğalı zamanı Azərbaycana məxsus mədəni irsi tamamilə məhv edib. Niyə Avropa Parlamenti buna susub? Ermənilərin bu vandal hərəkətini qınayan bir kəlmə də demədilər. Amma indi yalan məlumatlar əsasında güya işğaldan azad edilən ərazilərdə ermənilərini mədəni irsi məhv edilir. Hamıya məlumdur ki, bu abidələr alban mənşəlidir və ermənilər bu abidələri erməni abidəsi kimi dünyaya təqdim etməyə çalışıblar”.

Fuad Əliyev əlavə edib ki, ermənilər 30 il ərzində Alban abidələrini dağıdıblar, alban mədəni irsinə aid olan bütün məlumatları siliblər. Azərbaycan isə digər dinlərə aid olan abidələri bərpa edir, qoruyur. Azərbaycanda onlarla sinaqoq və kilsələr var. Avropa Parlamentin deputatları bunu bilmirlər? Əlbəttə ki, bilirlər. Sadacə bu Azərbaycana qarşı yürüdülən ədalətsiz, ikili siyasətin, təzyiq siyasətinin tərkib hissəsidir”.