İstanbul görüşünün nəticəsi: ən ağır döyüş burda olacaq

İstanbul görüşündə birinci məsələ odur ki, müzakirələr Rusiyanın təklif etdiyi gündəmlə davam edir. Ukrayna tərəfi isə bu gündəm ətrafında təkliflər verib və Rusiyadan, konkret olaraq Prezident Putindən cavab gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Alimin fikrincə, veriləcək cavabın hərb meydanındakı proseslərə uyğun olacağını gözləmək mümkündür:

“İkincisi isə Rusiya və Ukraynanın verdiyi açıqlamalarla bağlıdır. Fikrimcə, sözügedən açıqlamalarda daha çox təbliğat və taktiki xarakterli mesajlar verilir. Real olaraq isə müzakirə olunan və razılaşdırılan məsələlərin nə qədərinin ictimaiyyətə açıqlandığını bilmirik. Ancaq tarixən cəbhədə taktiki üstünlüyə malik olan bir ölkənin diplomatik masada itirdiyi hadisə olmayıb. Rusiya döyüş meydanında imkanları hələ yetərincə güclüdür. Döyüşlərlə bağlı rus ordusu haqqında deyilənlərin doğru olduğunu düşünsək, onda Rusiya özünün hərbi, elmi və strategiya anlayışına uyğun şəkildə ümumi səfərbərlik etməli idi. Ancaq səfərbərliklə bağlı müəyyən iddialar olsa da, əlimizdəki məlumatlara görə, Rusiyada qismən səfərbərlik belə elan edilməyib. Ağır zərbələr aldığı iddia edilən Rusiyanın bunu etməməsi məntiqə uyğun gəlmir.

Üçüncüsü, müharibə hələ bitməyib və onun davam edəcəyini hər iki tərəf ifadə edir. Dünən həm Zelenski, həm də Arestoviç əsas proseslərin hərb meydanında cərəyan etdiyini və edəcəyini güclü formada vurğuladı. Rusiya ordusunun Kiyev və Çerniqovda hərbi əməliyyatları məhdudlaşdırması diplomatik güzəşt kimi təqdim edilir. Çünki baş verənləri diqqətlə izləyənlər Rusiyanın hərbi birləşmələrinin son bir neçə gündür ki, Donbasa köçürüldüyünü bilir. Bütün tərəflər orada böyük döyüş olacağını danışır. Donbasdakı döyüş kritik əhəmiyyət daşıyacaq”.

Politoloq qeyd edib ki, vacib məqamlardan biri Rusiyanın görüşün İstanbulda keçirilməsinə razılıq verməklə çatmaq istədiyi məqsədlərlə bağlıdır:

“Fikrimcə, burada üç əsas məsələ var: 1) Rəsmi Moskva üzərindəki qlobal siyasi təzyiqi azaltmaq və imicini az da olsa, düzəltmək istəyir; 2) Ukraynanın üzərindəki daxili və xarici təzyiqi azaltmağa dəstək verir, çünki müzakirələrdə nəticə əldə etmək Rusiyaya lazımdır; 3) Qərbdən müstəqil hərəkət edən Türkiyəni daha da cəsarətləndirir.

Beləcə rəsmi Moskva Türkiyəyə bitərəf yanaşma ilə qazancının daha çox olacağını, nüfuzunun artacağını göstərmək istəyir və bununla Türkiyəni Qərblə arasındakı məsafəni artırmağa təşviq edir”.