Türkiyə: Kuleba və Lavrov yenidən görüşə bilər

Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kuleba növbəti görüş ideyasını dəstəkləyiblər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Dmitri Kuleba və Sergey Lavrov bizə dedilər ki, görüşə hazırdırlar. Yaxın günlərdə və ya iki həftə ərzində ən azı Ukrayna və Rusiyanın xarici işlər nazirləri səviyyəsində görüş baş tuta bilər”, – türkiyəli nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə daha ​​əhəmiyyətli məsələlərin ən yüksək səviyyələrdə müzakirə ediləcəyi barədə razılıq əldə olunub.

“Nümayəndə heyətlərinin texniki danışıqları davam etdiriləcək. Bununla yanaşı, xarici işlər nazirləri arasında görüş keçiriləcək və razılıq əldə olunarsa, bunu təsdiq edəcəklər. Növbəti mərhələdə iki ölkə liderlərinin görüşü olacaq. İndi biz xarici işlər nazirlərinin görüşünün baş tutması üçün lazımi səyləri edirik. Dünən biz Kuleba və Lavrova bu məsələ ilə bağlı təkliflərimizi çatdırdıq və səlahiyyətimiz daxilində hər şeyi etməyə hazırıq. Lavrov Çində idi və Hindistana gedəcəyini açıqladı. Kuleba da Qərbdədir və görüşə hazırdır”.