Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb

Dünyanın dini radikalizmdən əziyyət çəkən dövlətlərinə ötəri nəzər saldıqda aydın şəkildə görünür ki, həmin ölkələrdə bu problemi yaradan amillər sırasında ümumi savadsızlıq, yoxsulluq, işsizlik, eləcə də dini biliklərin elmi əsaslarla deyil, xurafat və mövhumat səviyyəsində təlqini kimi məsələlər dayanır. Azərbaycanda isə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı inkişaf təmin edilir. Ölkəmizdə yoxsulluğun göstəricisi 5 faizdən aşağıdır, ümumi savadlılıq səviyyəsi isə 100 faizə yaxındır. Azərbaycanda dini təhsil inkişaf dövrünü yaşasa da, səviyyə baxımından bir sıra ölkələrlə müqayisədə xeyli irəlidədir. Bu sahənin daha da inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Məlum olduğu kimi, İslam dini mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi ilə bizim milli kimliyimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayıb. Bu din sülh, dostluq, bərabərlik, həmrəylik və bir çox mütərəqqi dəyərləri təbliğ edir. Ümummilli lider Heydər Əliyev dinimizlə bağlı çıxışlarının birində qeyd etmişdi ki, “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir”. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində belə demişdir: “İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq”.

Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb. Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələlərə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır. Müasir dövrdə insanın və bütövlükdə cəmiyyətin həyatında milli dəyərlərə böyük önəm verilməsi, həqiqətən də vacibdir. İnsan və cəmiyyətin davamlı inkişafı, rəqabətəqabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlıdır.

Dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu böyükdür. İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir.

Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdi. Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir.

Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multicultural dəyərlərə böyük hörmətlə yanaşır. Azərbaycanda heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Azərbaycan tolerant ölkə kimi tanınıb. Hər zaman bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərib. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi Azərbaycanı da narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır. Bu yanaşma həm də onu deməyə əsas verir ki, təhsil bilik, bacarıq və vərdişlərin məcmuyu olmaqla yanaşı prosesdir, nəticədir, dəyərdir, vasitədir.

Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur. Belə ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 10-cu maddəsində isə göstərilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Bu müddəa da dini ekstremizmə qarşı mübarizənin təkcə dövlət orqanlarının deyil, həmçinin, Azərbaycan Respublikasında yaşayan hər kəsin borcu olduğunu göstərir. Buradan görünür ki, bu sahədə ictimai nəzarətin formalaşdırılması zəruridir. Adı çəkilən Qanunun 13-cü maddəsində isə dini ekstremist fəaliyyətdə iştirak edən şəxslərin Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdığı qeyd edilmişdir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb