8 saatdan çox işlədirlərsə, ikiqat maaş verilsin!

Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan çox işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əmək haqqı ödənilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər:

“Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədir, günorta yeməyini də vermir. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əmək haqqından da az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə saathesabı əmək haqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.