Komitə bahalaşan məhsulları açıqladı – SİYAHI

2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 112,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin aprel ayına nisbətən 113,0 faiz təşkil edib.

2022-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin aprel ayına nisbətən 118,4 faiz təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 107,1 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,2 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, mebellərin və minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.