Unun qiyməti gələn həftə bahalaşacaq

Aktual.ge xəbər verir ki, bunu “Baraka” dəyirmanının direktoru Lado Bidzinaşvili “Palitranius“un efirində deyib.

Onun sözlərinə görə, bahalaşmanın səbəbi maya dəyərinin artması ilə yanaşı, Rusiyadan Gürcüstana gələn logistikaların da bahalaşmasıdır.“

3 aya yaxındır ki, iri dəyirmanların fəaliyyəti dayandırılıb. Bazarda qalan 2 dəyirman, o cümlədən biz 2 həftədir fəaliyyət göstəririk. İşin artıq mənası qalmadığı görülür.

İdxala gəlincə, un Rusiyadan gətirilir. Məlum səbəblərdən una ixrac vergisi yoxdur. Buna baxmayaraq, təkcə son 1 həftədə unun qiyməti 50 kq-lıq kisədə 6 lari artıb. Gürcüstandan tələbin artması və istehsalçıların süni şəkildə qiyməti artırması səbəbindən proqnozlaşdırılan qiymət daha da yüksəkdir. İkinci istiqamət isə logistika zəncirində problemlərin olmasıdır. Buğda Gürcüstana iki yolla – dəmir yolu və avtomobil yolu ilə daxil olur. Dəmiryol nəqliyyatı son 2 həftədə 6 dollar bahalaşıb. Əvvəllər qoşquların daşınması dövrü 3-4 gün çəkirdisə, indi bu müddət 10 günə qədər uzanır. Bu həm logistika xərclərini artırır, həm də qiymətə təsir edir.

Həmçinin rus dəyirmanları ilə hesablaşmalar rublla aparılır və rublun möhkəmlənməsi maya dəyərinin artmasına səbəb olub. Bu gün Rusiya istehsalı olan unun qiyməti 78 laridir. Burada söhbət köhnə müqavilələrlə idxal olunan məhsullardan gedir. Məndə olan məlumata görə, gələn həftədən qiymətlər 82-83 lari diapazonunda olacaq. Çörək istehsalçıları nə baş verəcəyini dəqiq deməlidirlər, amma qiyməti 82 lariyə qaldırsalar, xərcləri qarşılaya bilməyəcəklər.

Eyni zamanda çörək istehsalçılarının da bir çox problemləri var ki, bunlardan biri də keyfiyyətin stabil olmamasıdır. Xaricdən müxtəlif keyfiyyətdə un gətirilir. Təchizatçılarla da müəyyən problemlər var. Çörək istehsalçıları yəqin ki, digər detallar haqqında daha yaxşı danışacaqlar”,-deyə Lado Bidzinaşvili qeyd edib.